AZ

Türkiyədən İranla bağlı kritik qərar

Regionda artan gərginlik fonunda Türkiyə İranla hava əlaqələri ilə bağlı mühüm qərar qəbul edib. Türkiyənin aparıcı aviaşirkətləri təhlükəsizlik səbəbilə bəzi ölkələrə uçuşları müvəqqəti dayandırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu sosial media hesabında məlumat yayıb. Nazir bildirib ki, bu gündən etibarən Türk Hava Yolları, AJet, Pegasus Airlines və SunExpress aviaşirkətləri tərəfindən İran, İraq, Suriya, Livan və İordaniyaya həyata keçirilən uçuşlar martın 9-u günün sonuna qədər dayandırılıb.

Məlumata görə, bəzi istiqamətlər üzrə məhdudiyyətlər daha uzun müddəti əhatə edir. Belə ki, “Pegasus” aviaşirkəti İrana uçuşları martın 12-nə qədər dayandırıb, Türk Hava Yolları isə bu ölkəyə reysləri martın 20-nə qədər uçuş cədvəlindən çıxarıb.

Nazirin sözlərinə görə, regiondakı təhlükəsizlik vəziyyəti ilə əlaqədar bir sıra ölkələrin hava məkanı da bağlı olaraq qalır. Hazırda İran, İsrail, İraq, Qətər, Bəhreyn, Küveyt və Suriyanın hava məkanının bağlı olduğu bildirilib. Bununla yanaşı, bəzi ölkələrdə məhdud şəkildə uçuşların davam etdiyi qeyd olunub.

Açıqlamaya əsasən, Oman, İordaniya və Səudiyyə Ərəbistanında qismən uçuşlar həyata keçirilir. Birləşmiş Ərəb Əmirliklərində isə hava nəqliyyatı tam bağlanmayıb, lakin uçuşlar ciddi nəzarət altında və məhdud şəkildə həyata keçirilir.

Sara

Seçilən
74
nocomment.az

1Mənbələr