AZ

VAR-ın səlahiyyətləri genişləndirildi

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (BFAŞ) futbol qaydalarında bir sıra dəyişikliklər edib. Gözlənildiyi kimi, hakimə video-köməkçi (VAR) sisteminin səlahiyyətləri genişləndirilib.

"Football-plus.az" xəbər verir ki, video- köməkçi hakimlər bundan sonra ikinci sarı vərəqə ilə nəticələnən epizodlara da müdaxilə edə biləcəklər. VAR-ın həmçinin meydandakı hakimin futbolçuları səhv saldığı hallarda yanlış verilmiş sarı və ya qırmızı vərəqələri ləğv etmək imkanı olacaq.

Futbol matçlarında vaxt itkisinin qarşısını almağa yönəlmiş sərt dəyişikliklər də tətbiq ediləcək. Yeni qaydalara əsasən, süni şəkildə vaxtı uzatma halları qeydə alınarsa, top rəqib komandaya veriləcək. Belə ki, qapıdan zərbə zamanı vaxtın qəsdən uzadıldığı müəyyən edilərsə, rəqib komanda künc zərbəsi yerinə yetirmək hüququ qazanacaq.

Diqqəti cəlb edən yeniliklərdən biri isə əvəzləmələrlə bağlıdı. Meydanı tərk edən futbolçunun çıxış üçün cəmi 10 saniyə vaxtı olacaq. Həmin oyunçu bu müddət ərzində meydandan çıxa bilməsə, onu əvəzləyəcək yeni futbolçu oyuna 60 saniyə gec daxil olacaq. Bu isə o deməkdi ki, komanda bir dəqiqə ərzində azlıqda mübarizə aparmaqla cəzalandırılacaq.

Müvafiq yeniliklər 2026/27 mövsümündən qüvvəyə minəcək və ilk dəfə bu yay ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında tətbiq olunacaq. Onu da qeyd edək ki, FİFA VAR-ın səlahiyyətlərinin artırılmasını dəstəkləsə də, bəzi liqaların nümayəndələri oyunda fasilələrin çoxalmasına səbəb ola biləcək bu addımların qəbuledilməz olduğunu bildiriblər.

Seçilən
93
1
football-plus.az

2Mənbələr