AZ

Əliyev oktyabrda təklif etmişdi, Naxçıvana hücumdan sonra gündəmə gəldi Yeni ordu qurulur?

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

İranın Naxçıvan Muxtar Respublikasına raket və dron hücumu həm də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində hərbi əməkdaşlığın dərinləşdirilməsi və hətta vahid müdafiə mexanizminin yaradılması məsələsini aktuallaşdırır.

2025-ci ilin oktyabrında Qəbələdə keçirilən TDT-nin Dövlət Başçıları Şurasının XII Zirvə Görüşündə təhlükəsizlik və hərbi əməkdaşlıq məsələləri geniş müzakirə olunmuş, üzv dövlətlər arasında müdafiə sahəsində koordinasiyanın gücləndirilməsi, birgə hərbi təlimlərin keçirilməsi və ortaq təhlükəsizlik mexanizmlərinin formalaşdırılması ideyası gündəmə gətirilmişdi. Hətta Prezident İlham Əliyev təşkilata üzv ölkələrin 2026-cı ildə Azərbaycanda birgə hərbi təlimlər keçirməsini təklif etmişdi.

İndi isə İranın həm Azərbaycana, həm də regiondakı digər türk dövlətlərinə qarşı təhlükə yarada biləcək addımları bu təşəbbüslərin daha da sürətlənməsi ehtimalını artırır.

Bu vəziyyət Türk Dövlətləri Təşkilatı daxilində vahid hərbi mexanizmin hətta mümkün “Turan ordusu” ideyasının reallaşmasını tezləşdirə bilər?

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, TDT-nin vahid təhlükəsizlik sisteminin qurulması geosiyasi reallığın tələbidir:

“Qəbələ Zirvəsində Prezident İlham Əliyev birgə hərbi təlimlərin keçirilməsini təklif etmişdi. Burada məqsəd hansısa hərbi ittifaqın yaradılmasından yox, vahid təhlükəsizliyin təmin edilməsindən gedir. Bunu zəruri edən başlıca amil Orta dəhliz marşrutunun təhlükəsizliyinin təmin olunması, bu coğrafiyadakı proseslərdə Türk Dövlətləri Təşkilatının rolunu artırılmasıdır.

Asif Nərimanlı

Əslində, Qəbələdə məsələnin gündəmə gəlməsi mümkün təhlükələrin olması məntiqinə əsaslanırdı. İran müharibəsi regiona belə kənar təhlükələrin olduğunu əyani şəkildə göstərdi. İranın Türkiyə və Azərbaycana hücumu isə vahid təhlükəsizliyin qurulmasının önəmini ön plana çıxardı. Bakı və Ankaranın müttəfiqliyi bu cür təhlükələrə qarşı birgə hərəkət etmək imkanı yaradır.

Lakin bütövlükdə TDT-nin çətiri altında vahid təhlükəsizlik sisteminin yaradılması türk dövlətlərinin təhlükəsizliyini gücləndirə biləcək amildir. İstisna etmək olmaz ki, İran müharibəsi fonunda TDT-nin Qəbələ zirvəsində gündəmə gətirilmiş bu məsələnin praktiki müstəvidə icrası daha da aktuallaşacaq”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
181
globalinfo.az

1Mənbələr