AZ

İran dronlarından qorunmağın YOLU

Artıq məlumdur ki, martın 5-də Naxçıvan istiqamətinə göndərilən kamikadze dronlardan yalnız biri vurulub, ikisi isə hava məkanımıza keçə bilib.

Onların hamısını zərərsizləşdirmək niyə mümkün olmayıb? Bəlkə Ukraynanın təcrübəsini öyrənməyə ehtiyac var?

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Naxçıvan istiqamətinə göndərilən kamikadze dronların hamısının vurulmaması bir neçə hərbi-texniki və taktiki səbəblə izah oluna bilər: "Bu, yalnız Azərbaycana xas problem deyil, hətta ən güclü hava hücumundan müdafiə sistemlərinə malik ölkələr də kiçik dron hücumlarının hamısını 100% zərərsizləşdirə bilmir. Kamikadze dronlar çox vaxt kiçik olur və aşağı hündürlükdə uçur. Bu isə radarların onları gec aşkar etməsinə səbəb ola bilər. Xüsusilə dağlıq və relyefi mürəkkəb ərazilərdə radar “kölgə zonaları” yaranır. Belə dronlar çox vaxt qrup halında göndərilir. Məqsəd hava hücumundan müdafiə sistemlərini yükləmək və ən azı bir neçə aparatın müdafiə xəttini keçməsini təmin etməkdir. Bəzi kamikadze dronlar GPS-ə alternativ naviqasiya və ya əvvəlcədən proqramlaşdırılmış marşrutla uçur. Bu da onları radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirməyi çətinləşdirir”.

Ekspert qeyd edib ki, əgər dronlar sərhədə çox yaxın ərazidən buraxılıbsa, reaksiya üçün vaxt çox az olur. Bu zaman hava hücumundan müdafiə sistemlərinin hər birini vurmağa çatdırması çətinləşə bilər.
İran dronlarından qorunmaqda Ukraynanın təcrübəsindən istifadə etmənin faydalı ola biləcəyinə gəlincə, ekspert hesab edir ki, bu, müəyyən mənada faydalı ola bilər:

“Ukrayna son illərdə kamikadze dron hücumlarına qarşı çoxsəviyyəli müdafiə modeli qurub. Bu modeldə uzun mənzilli HHM sistemləri, orta mənzilli komplekslər, zenit topları və mobil qruplar, radioelektron mübarizə vasitələri, hətta iriçaplı pulemyotlarla təchiz edilmiş mobil qruplar birlikdə işləyir. Bu yanaşma hücum edən dronların böyük hissəsini yol boyu mərhələli şəkildə məhv etməyə imkan verir.
Azərbaycan ordusu da son illərdə HHM sistemlərini ciddi şəkildə modernləşdirib, lakin kamikadze dronlara qarşı ayrıca taktika və çoxqatlı müdafiə şəbəkəsi daim təkmilləşdirilməlidir”, - ekspert deyib.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
125
musavat.com

1Mənbələr