AZ

İlham Əliyevin mövqeyi qəti və prinsipialdır

Heç bir qüvvə ölkəmizlə təzyiq və hədə dilində danışa bilməz

Azərbaycan Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında İranın Naxçıvanda törətdiyi hərbi təxribata sərt və adekvat reaksiyası dövlətimizin  qətiyyətli və kəskin diplomatik-hərbi gedişlərindən biri kimi qiymətləndirilə bilər. Bu da təbiidir. İranın dronlarla ərazimizə təcavüzü adi sərhəd insidenti yox, Azərbaycanın suverenliyinə və xalqımızın təhlükəsizliyinə qarşı atılmış birbaşa təxribatçı addım idi. 

O səbəbdən dövlət başçısı İranın terror hücumuna kifayət qədər sərt üslubda münasibət sərgilədi. Azərbaycan liderinin çıxışı göstərdi ki, dövlətimiz üçün "qırmızı xətt" vətəndaşlarımızın təhlükəsizliyi və ərazi bütövlüyümüzdür. Heç bir qüvvə, məkrli dairə Azərbaycanla təzyiq, hədə dilində danışa bilməz. 

Prezident İlham Əliyev İranın dron təxribatına sərt etirazını bildirməklə kifayətlənmədi, həm də suverenliyimizə qəsd edən qüvvələrə qarşı xəbərdarlıq mahiyyətində kəskin mesajlar verdi. Dövlət başçısı bədxahlara xatırlatdı ki, 44 günlük Vətən müharibəsində Ermənistanı diz çökdürən iradə eyni güclə istənilən digər təhdidə qarşı da işə düşə bilər. "Bizim gücümüzü sınamasınlar. Gücümüzü sınamaq istəyənlərin başı "dəmir yumruq" vasitəsilə yarıldı" deyən dövlət başçısı 44 günlük Vətən müharibəsinin nəticələrini xatırladaraq eyni aqibətin istənilən təcavüzkarı gözlədiyini bəyan etdi: "Necə ki, Ermənistan işğalına son qoymuşuq, istənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq və İranda bunu unutmasınlar". 

Ali Baş Komandan həmçinin Naxçıvana xain dron hücumunu aşkar şəkildə İran tərəfindən Azərbaycan dövlətinə qarşı törədilmiş terror aktı kimi xarakterizə etdi. Çünki Naxçıvan Beynəlxalq Hava Limanının və mülki obyektlərin hədəfə alınması hücumun hərbi mahiyyətdə olmadığını, birbaşa mülki əhaliyə qarşı psixoloji və fiziki təzyiq məqsədi daşıdığını göstərir. 

Prezidentin çıxışındakı ən təsirli məqam Azərbaycanın İrana göstərdiyi humanitar dəstək fonunda Tehranın Naxçıvanı vurması faktının ifşası idi. Bu, Bakının səbrinin tükəndiyini və qarşı tərəfin nankorluğuna yalnız güc dili ilə cavab veriləcəyinin dünyaya bəyanı idi: "İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək". Azərbaycan lideri ölkəmizin nə qədər alicənab, İranın isə nankor olduğunu faktlarla ortaya qoydu. Diplomatik dildə, adətən, "təəssüf", "narahatlıq" şəklində yumşaq ifadələr işlədilir. Lakin Prezidentin "namərd" və "nakişi" kimi kəskin ifadələr seçməsi qarşı tərəfin hərəkətinin beynəlxalq hüquqla yanaşı, həm də mənəvi-etik dəyərlərə sığmadığını göstərir. Ölkə rəhbəri üçün vətəndaşlarımızın təhlükəsizliyi və dövlətin şərəfi hər cür diplomatik nəzakətdən üstündür. 

Prezidentin qətiyyəti dərhal verilən əmrlərdə də özünü büruzə verdi. Azərbaycan rəsmi Tehrandan izahatla yanaşı, açıq şəkildə üzr istənilməsini tələb etdi: "Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir". Bu, dövlətlərarası münasibətlərdə Azərbaycanın özünü qürurlu tərəf kimi apardığının bariz nümunəsidir. Azərbaycan heç bir şəraitdə böyük güclərin qarşısında geri çəkilmir və öz şərtlərini diktə edir. 

Tehrandakı səfirliyimizə mənfur terror hücumunu xatırladan və qatilin edam edildiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycanın öz istədiyinə nail olana qədər geri durmayacağını diqqətə çatdırdı: "Bildiyiniz kimi, o vaxt Azərbaycan bu hadisəyə çox sərt reaksiya vermişdi, Azərbaycan səfirliyi İrandan təxliyə edilmişdi, bütün diplomatik əlaqələr dayandırılmışdı. İran tərəfi bizdən üzr istəməyə, öz günahını etiraf etməyə məcbur olmuşdu. O terror aktını törədənə bizim təkidimizlə ən ağır cəza da verilmişdi. Hətta uzun müddət bu cəzanı həyata keçirməyə maraq göstərməyən, hətta cinayətkarı xilas etməyə çalışan İran dövləti məcbur olub terrorçunu Azərbaycan nümayəndələrinin gözü qarşısında edam etmişdi. Bu dəfə də cavab eyni olacaq".

Prezidentimizin tərəddüdsüz cəsarətli mövqeyi beynəlxalq ictimaiyyətin reaksiyasına da təkan verdi. Bir çox Avropa dövləti, ərəb dünyası və region ölkələri ardıcıl şəkildə İranın hərəkətini pislədi, ölkəmizin yanında olduqlarını bəyan etdilər. Bu mövqe Prezident İlham Əliyevin "hücum diplomatiyası"nın uğurudur. Azərbaycan bu gün hadisələrin qurbanı olmur, əksinə, mühüm proseslərə yön verərək, təcavüzkarları dünya ictimaiyyəti qarşısında ifşa edir. 

Dövlət başçısının sarsılmaz qətiyyəti illərlə həyata keçirilən uzaqgörən uğurlu daxili-xarici siyasətə, iqtisadi müstəqilliyə, "güclü dövlət, güclü ordu və milli birlik" üçbucağına söykənir. Məhz Azərbaycanın heç bir gücdən asılı olmaması dövlətimizin liderinin ən sərt diplomatik və hərbi təzyiqlər qarşısında geri çəkilməməsinin nəticəsidir. Ali Baş Komandanın sarsılmaz əzmi və qətiyyətli duruşu göstərdi ki, Azərbaycan dövlətinin suverenliyinə və xalqımızın təhlükəsizliyinə uzanan hər bir əl kim tərəfindən uzadılmasından asılı olmayaraq kəsiləcək. Azərbaycanla təhlükəli oyun oynamaq siyasi intihara təşəbbüsdür, çünki Bakı özü bu gün proseslərə yön verən, regional layihələr icra edən, qlobal gündəmdə sülh və əməkdaşlıq modelini təsdiqlədən güclü tərəfdir. 

İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Seçilən
30
azerbaijan-news.az

1Mənbələr