Bu gün mərhum deputat Qənirə Paşayevanın doğum günüdür. O, 1975-ci ilin 7 mart tarixində Tovuz rayonunun Düz Qırıqlı kəndində dünyaya gəlib. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb. 2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub.Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatı olub. Bununla bərabər, Milli Məclisin Mədəniyyət komitəsinin sədri vəzifəsində çalışıb. “Nobel mükafatlı qadınlar”, “Tarixə adını yazan qadınlar”, “Xocalı soyqırımı (26 fevral 1992): şahidlərin dilindən” və “Səndən sonra” kitablarının müəllifi idi.
O, 20-yə yaxın sənədli filmin ssenari müəllifi və baş məsləhətçisi olub. O, həmçinin Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri kimi məhsuldar fəaliyyət göstərib. Qənirə Paşayeva qardaş Türkiyəni Azərbaycan qədər sevirdi. Özü də, ümumilikdə, Türk dünyasında geniş hörmət və rəğbət qazanmışdı. Hələ 2010-cu ildə Mustafa Kamal Paşa Atatürkə həsr olunmuş “Dünyanın itirdiyi Böyük İnsan” (TÜSİAB yayınları) kitabı məktəblərə, universitetlərə, kitabxanalara və hərbi hissələrə pulsuz paylanılıb. 2013-cü ildə o, “Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası kitabı” adlı çoxcildliyindən toplanan gəliri bütünlüklə İraq türkmanı olan yetim bir qızın ali təhsil alması üçün Beynəlxalq Kərkük Mədəniyyət Dərnəyinə bağışlayıb. Onun müəllifi olduğu və özünün iştirakı ilə çəkilən son ekran işi də böyük Turan mövzusunda idi. Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr etdiyi “Addım-addım Türkiyə” adlı həmin sənədli filmlə bağlı çəkilişlər Türkiyənin 57 vilayətində aparılıb. Turan dünyasının birlik ismarıcları filmin ana xəttini təşkil edib.
Qənirə Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar 2023-cü il sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulmuşdu. Səhhətindəki kritik vəziyyətlə əlaqədar xəstəxananın həkim heyəti və Türkiyədən dəvət olunmuş mütəxəssislər tərəfindən bütün zəruri tibbi tədbirlər görülmüşdü. Lakin görülən bütün səylərə baxmayaraq, Qənirə Paşayeva 28 sentyabr 2023-cü il tarixində, 48 yaşında dünyasını dəyişib. O, 29 sentyabr 2023-cü ildə İkinci Fəxri Xiyabanda dəfn olunub.
Qənirə Paşayevanın əmisi qızı Təranə Paşayeva sosial şəbəkədə yazıb: “Bəzən insan dünyadan köçür, amma sözləri, fikirləri və qoyduğu izlər qalır. Qənirə xanım da məhz belə insanlardan idi. Onun səsi, vətən sevgisi, insanlara olan diqqəti və güclü ruhu yaddaşlarda yaşayır. Bu gün o, fiziki olaraq aramızda olmasa da, xatirələrdə, söylədiyi fikirlərdə və gördüyü işlərdə yaşayır. Bəzən bir cümləsi, bir çıxışı, bir xatirəsi insanın qəlbinə toxunur və yenidən yada düşür. Qənirə xanım təkcə bir siyasətçi deyildi – o, sözün həqiqi mənasında vətənini sevən, insanlara dəyər verən bir insan idi. Zaman keçir, amma bəzi insanlar unudulmur. Qənirə xanım da onlardan biridir. Onun xatirəsi həmişə hörmətlə və ehtiramla yad ediləcək”.
Xalidə Gəray
Musavat.com