AZ

Azərbaycan qadını - gözəllik və fədakarlıq rəmzi

Qadınlar barəsində hansı obrazlı ifadəni, təşbehi işlətsək, zəif təsir bağışlayacaq. Çünki onlar hər cür tərifin,  hər cür bənzətmənin fövqündə dayanırlar. Qadın zərif məxluqdur, qar altından çıxan bənövşəyə bənzəyir. Eyni zamanda, bu zəriflikdə qarşısıalınmaz bir güc, tükənməz enerji var. Qarşıdan hər birimizin həyatında xüsusi yer tutan qadınların - analarımızın, bacılarımızın, qız övladlarımızın bayramı gəlir. Dünyada martın 8-i Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Lakin qadınların həyatımızda yeri və rolu o qədər böyükdür ki, onlar ildə yalnız bir dəfə yox, hər gün sevinməyə layiqdirlər!

Damladır, ümmandır qadın ürəyi

Azərbaycan qadınları genetik olaraq öz gözəllikləri ilə rəqib tanımırlar və həyatlarının bütün dövrlərində gözəllik rəmzi olaraq qalırlar. Bu da onların daxili keyfiyyətləri ilə bilavasitə bağlıdır. Necə deyərlər, qəlb gözəlliyi üz gözəlliyində təcəssüm edir.

Lakin Azərbaycan qadınları yalnız gözəllik simvolu kimi fərqlənmirlər. Həyatımızın hər hansı bir sahəsini qadınlarsız təsəvvür etmək çətindir. Görkəmli söz ustası Tofiq Bayram “Qadın ürəyi” şeirində Azərbaycan qadınlarının fədəkarlığını belə təsvir edib:

Daşı da əridər, daş da olar o,

Əriyib gözlərdə yaş da olar o.

Bahar da olar o, qış da olar o,

Damladır, ümmandır qadın ürəyi.

Qloballaşmanın sürətləndiyi indiki dövrdə daha aydın şəkildə dərk olunur ki, hər bir toplumu artan xarici təzyiqlərdən qoruyan, xalqın milli identikliyini təmin edən ilk növbədə onun milli-mənəvi dəyərləridir. Bu Azərbaycan xalqına da aiddir. Biz xoşbəxt xalqıq ki, tarixin sınaqlarından çıxaraq bu günümüzədək gəlib çatan zəngin milli-mənəvi dəyərlər sistemimiz, o cümlədən dilimiz, adət-ənənələrimiz, məişət tərzimiz, mətbəximiz var.  Bunlar bizim milli sərvətimizdir. Bəs bu sərvətin qoruyucuları kimdir? Əlbəttə ki, ilk növbədə cəfakeş, fədakar Azərbaycan qadınları. İndi biz dünyada ailə dəyərlərinin aşındığının şahidi oluruq. Böyük-kiçik yeri bilinmir. Yaşlılara dəyər verilmir. Ailələr uşaqlarsız qalırlar. Bu kədərli reallıq fonunda Azərbaycan qadınlarının ailə dəyərlərimizi yaşatmaları üçün hər bir əzab-əziyyətə qatlaşmaları sonsuz minnətdarlıq doğurur. Azərbaycan ailəsində qadın ana olmaqla yanaşı, həm də keçmişlə gələcək arasında körpü yaradan, mənəvi bağı təmin edən əvəzolunmaz bir varlıqdır. Bunu yüksək dəyərləndirən Prezident İlham Əliyev “Xalqımız çoxəsrlik tarixinin bütün dövrlərində qadını ülviyyətin təcəssümü saymış və ona hər zaman dərin ehtiram göstərmişdir. Azərbaycan qadınları keçmişimizin taleyüklü, həlledici anlarında vəzifələrinin öhdəsindən daim layiqincə gəlmişlər. Bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında onların misilsiz xidmətləri vardır”, - deyə vurğulayıb.

Lakin Azərbaycan qadınları yalnız ailədəmi fədakardırlar? Əsla! Tarixdən məlumdur ki, Azərbaycan qadınları öz funksiyalarını yalnız nəsil artırmaqla bitmiş saymayıblar. Ər igidlərə arxa, dayaq duran, lazım gəldikdə onlarla birlikdə döyüşlərə qatılan, çiyin-çiyinə vuruşub qəhrəmanlıqlar göstərən qadınlarımız da az olmayıb. Nigarın, Həcərin, Tomrisin, Sara xatunun qəhrəmanlıqları barədə dastanlar yazılıb. Qədim yazılı abidəmiz olan “Kitabi-Dədə Qorqud”da Burla xatun, Banu Çiçək, Selcan xatun kimi kişilərlə qoşa yay çəkən, qurşaq tutub güləşən, cıdırda öndə gedən qəhrəman qadınlarımızdan bəhs olunub. Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərində qeyd olunur ki, Bərdə hökmdarı Nüşabə böyük fateh makedoniyalı İsgəndərlə görüşüb, öz müdrikliyi və dərin ağlı ilə onu sülhə çağırıb, dünya malı üçün qan tökməkdən çəkindirib. İkinci Dünya müharibəsində Qafqazda, Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçi olan azərbaycanlı Leyla Məmmədbəyova aviasiya mayoru rütbəsinə yüksəlib. O, müharibə illərində yüzlərlə desantçı və 4 min paraşütçü hazırlayaraq cəbhəyə yollayıb. Onun tələbələri arasında 2 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Dürrə Məmmədova-Kosmodemyanskaya II Dünya müharibəsinin iştirakçısı, baş leytenant, “SSRİ tibb xidməti əlaçısı” olub. Digər həmyerlimiz - Sona Nuriyeva da ilk təyyarəçi qadınlardan biri idi. Aliyə Rüstəmbəyova isə partizan hərəkatının iştirakçısı olub.

Ənənələr bu gün də yaşayır. Müasir dövrümüzün qəhrəman  qadınlarının sayı da kifayət qədər çoxdur. Birinci və ikinci Qarabağ müharibələri qadınlarımızın şücaətinin sınaq meydanı oldu. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin bələdçi Əliyeva Hökumə Cəlil qızı Milli Qəhrəman adına layiq görülüb.  H.Əliyeva Azərbaycanda Milli Qəhrəman adına layiq görülən üçüncü qadındır. İlk dəfə bu ada layiq görülən qadın Birinci Qarabağ müharibəsi şəhidi Salatın Əsgərovadır (1991). Ondan sonra, 1993-cü ildə həkim, eyni zamanda döyüşçü Gültəkin Əsgərovaya Milli Qəhrəman adı verilib.

Qadın hüquqlarının etibarlı hamisi

Dünyada qadın hüquqlarının qorunması mövzusu hər zaman aktual olub. Xatırladaq ki, dünyada qadın hərəkatı ilk növbədə zərif cinsin təmsilçilərinin seçilmək hüququndan qaynaqlanıb. Bəli, nə qədər təəccüblü görünsə də ABŞ, Fransa, İngiltərə kimi Qərb ölkələri qadınlara və kişilərə bərabər hüquqları tanımaq istəmirdilər, zərif cinsin təmsilçiləri ölkələrin parlamentlərinə, idarəetmə orqanlarına buraxılmırdılar.

Azərbaycanda isə qadınların siyasi hüquqlara çıxışlarını təmin etmək üçün feminizm hərəkatına başlamalarına lüzum olmayıb. Azərbaycan cəmiyyətinin qadına yüksək münasibəti 1918-ci ildə qurulan ilk Respublikanın idarəçiliyində özünü büruzə verdi. Belə ki, cəmi 23 ay ömrü olan Azərbaycan Xalq Cümhuriyyəti qadınların seçmək və seçilmək, təhsil və digər hüquqlarını tanıdı. Bu, bütün Şərq aləmində bir ilkə imza atılması, dünyaya yeni bir nümunə təqdim edilməsi demək idi.

AXC-nin varisi olan müstəqil Azərbaycan dövlət də qadın hüquqlarının etibarlı hamisi qismində çıxış edir. Müstəqil Azərbaycanın qurucusu olan böyük siyasətçi Heydər Əliyev ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırır, onların hərtərəfli fəaliyyətinə geniş meydan verir, lider qadınlar yetişdirirdi.

Son 22 ildə isə Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, dövlət qadın siyasətində də varisliyi təmin edib. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında qadınların bütün imkanlara çıxışının təmin olunması məqsədilə hüquqi baza getdikcə daha da möhkəmləndirilir. Bu kontekstdə ölkə Prezidentinin təşəbbüsü ilə 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun qəbul edilməsini, elə həmin il dövlət başçısının müvafiq sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmasını xüsusi qeyd edə bilərik.

Aparılan uğurlu qadın siyasətinin məntiqi nəticəsi olaraq ölkəmizdə zərif cinsin təmsilçilərinin ictimai fəallığı yüksək səviyyəyə çatıb.  Statistik məlumatlara əsasən hazırda ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edir. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81,9 faizi, orta ixtisas təhsil müəssisələrində 81,3 faizi, ali təhsil müəssisələrində 57,4 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,6 faizini, orta ixtisas təhsili müəssisələri tələbələrinin 61,9 faizini, ali təhsil müəssisələri tələbələrinin isə yarısını qızlar təşkil edir.

Qadınların elmin inkişafında da müstəsna rolu var. Elmi işçilərin 59,2 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,2 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,1 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən yeddisi, müxbir üzvlərindən isə doqquzu qadındır.

Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi, ilkin məlumatlara əsasən, 48,3 faizə çatıb. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28 faiz, fərdi sahibkarlar arasında isə 22 faizdir.

Azərbaycan qadınlarının parlaq obrazı - Mehriban xanım Əliyeva

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır. Onun hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Onun təşəbbüsü ilə həyata vəsiqə alan Heydər Əliyev Fondunun xeyriyyəçilik tədbirləri bir sıra ölkələri əhatə edir. Deyə bilərik ki, Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib. Belə məqsədyönlü fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Müstəqil Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın idarəçilik fəlsəfəsi də tamam fərqlidir. Mehriban Əliyeva Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub.  Açıq deyək, başlanğıcda ölkədə yeni təsisata inam az idi. İnsanlar o qənaətdə idilər ki, bu idarəçilik institutunun özünü təsdiqləməsi üçün bir neçə il tələb olunacaq. Ancaq Mehriban Əliyeva ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin - “Eurovision” mahnı müsabiqəsinin, Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkilində qazandığı təcrübəyə və daxilindəki istəyə, enerjiyə əsaslanmaqla Birinci vitse-prezidentlik institutunu qısa zaman kəsiyində işlək bir mexanizmə çevirməyi bacardı.

Bu günlərdə isə dövlət başçısının imzaladığı müvafiq Fərmana əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb və Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə qurumun tərkibi təsdiqlənib. Rəqəmsal inkişaf Azərbaycanın gələcəyidir. Mehriban xanım Əliyevanın Rəqəmsal İnkişaf Şurasına rəhbərlik etməsi isə o anlama gəlir ki, ölkəmizin gələcəyinin qurulmasında da qadınlar yüksək fəallıq göstərəcəklər.

Mübariz ABDULLAYEV

Seçilən
32
1
yeniazerbaycan.com

2Mənbələr