AZ

Azərbaycanın təhlükəsizliyi qırmızı xəttdir: İranın təxribatçı siyasəti və regionda sabitlik məsələsi




Son dövrlərdə baş verən hadisələr göstərir ki, regionda geosiyasi gərginlik artdıqca bəzi dövlətlər öz təhlükəli və məsuliyyətsiz siyasətlərindən geri çəkilmək əvəzinə, əksinə, təxribatçı addımlarını daha da genişləndirməyə çalışırlar. Fikrimcə, ölkəmizdə terror aktı törətməyə cəhd edən İran və onun əsas güc strukturlarından biri olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Azərbaycan dövlətinin təhlükəsizlik sisteminin gücünü və peşəkarlığını düzgün qiymətləndirməyib.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan əks-kəşfiyyat tədbirləri nəticəsində müəyyən miqdarda pul qarşılığında SEPAH-ın Azərbaycanda terror aktı həyata keçirmək planına cəlb olunan şəxslər iş başında yaxalandılar. Bu fakt bir daha göstərir ki, xarici xüsusi xidmət orqanlarının ölkəmizdə agentura şəbəkələri qurmaq, sabitliyi pozmaq və ictimai təhlükəsizliyi sarsıtmaq istiqamətində atdığı addımlar vaxtında ifşa olunur və qətiyyətlə zərərsizləşdirilir.

Azərbaycan dövləti regionda sabitliyin və təhlükəsizliyin tərəfdarı olan azsaylı aktorlardan biridir. Xüsusilə son dövrlərdə ABŞ, İsrail və İran arasında gərginliyin artdığı bir vaxtda rəsmi Bakı açıq şəkildə sülh tərəfdarı mövqe sərgilədi və tərəfləri diplomatik dialoq yolu ilə razılaşmaya çağırdı. Bununla yanaşı, Azərbaycan rəhbərliyi diplomatik jestlərdən də çəkinmədi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İranın ali dini rəhbəri Əli Xameneinin ölümü ilə bağlı başsağlığı verdi və İran səfirliyini ziyarət etdi. Bu addımlar Azərbaycanın regionda qarşılıqlı hörmət və siyasi etikaya əsaslanan siyasət yürütmək niyyətini açıq şəkildə göstərirdi.

Lakin bu konstruktiv yanaşmaya baxmayaraq, İran tərəfi düşmənçilik xarakterli siyasətindən geri çəkilmədi. İran tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası istiqamətində dron hücumunun həyata keçirilməsi və paralel olaraq ölkə daxilində agentura şəbəkəsi qurmaq cəhdləri regionda təhlükəsizliyə ciddi təhdid yaradan addımlar kimi qiymətləndirilməlidir. Bu cür siyasət yalnız regionda gərginliyi artırır və İranı geosiyasi təcrid vəziyyətinə sürükləyir.

Xarici siyasətdə ideoloji və təhlükəli avantürizm üzərində qurulan yanaşma nə regional sabitliyə xidmət edir, nə də dövlətlərarası münasibətlərin normal inkişafına imkan verir. Azərbaycan isə bu məsələdə kifayət qədər aydın və prinsipial mövqeyə malikdir.

Dövlətimizin suverenliyi və daxili sabitliyi heç bir halda müzakirə mövzusu deyil. Xarici qüvvələrin ölkə daxilində iğtişaşlar yaratmaq, agentura şəbəkələri qurmaq və ya terror vasitəsilə sabitliyi pozmaq cəhdlərinin qarşısı qətiyyətlə alınacaq. Pul qarşılığında vətənə və dövlətə xəyanət edən şəxslər isə bilməlidirlər ki, belə addımlar Azərbaycan cəmiyyətində heç vaxt qəbul olunmayıb və olunmayacaq. Xarici xüsusi xidmət orqanlarının alətinə çevrilən şəxslər qanun qarşısında ən ağır şəkildə cavab verəcəklər.
Azərbaycanın təhlükəsizlik strukturları bu gün də yüksək operativliklə fəaliyyət göstərir.

Dövlətin təhlükəsizlik sistemi kifayət qədər güclüdür və xarici qüvvələrin ölkəmizin suverenliyinə və daxili sabitliyinə təhdid yaratmaq cəhdləri nəticəsiz qalacaq. Çünki Azərbaycanın təhlükəsizliyi artıq təkcə dövlət siyasətinin bir istiqaməti deyil — bu, dövlətçiliyin qorunması məsələsidir və bu məsələdə heç bir kompromis mümkün deyil.

Anar Salehoğlu,
İctimai-siyasi fəal
Seçilən
81
1
newscenter.az

2Mənbələr