Qadınların məşğulluğu və onların iqtisadi-sosial inkişafda rolunun daha da artırılması prioritet məsələlərdəndir. Hazırda ölkəmizdə məşğul əhalinin 2 milyon 414 mini qadınlardır. Məşğul əhalidə kişilərin sayı isə 2 milyon 615 min nəfərdir. İşçi qüvvəsində qadınların sayı isə 2 milyon 571 mindir.
Qadınlarımızın ən çox çalışdığı sektor təhsildir. Hazırda əmək müqaviləsi ilə çalışan qadınlarımızın sayı 722 min 147 nəfərdir. Onun 242 min 801 nəfəri təhsil sektorunda çalışır. Bu ümumi muzdlu qadın işçilərin 33.6 faizi deməkdir. Bu eyni zamanda o deməkdir ki, əmək müqaviləsi ilə çalışan hər 3 qadından biri təhsil sferasında işləyir. Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi qadınlarımızın üstünlük verdiyi ikinci ən böyük sektordur. Ümumi payda 16.2 faiz ilə bu sferada 116 min 976 qadın vətəndaşımız çalışır. İlk üçlüyü isə ticarət və nəqliyyat vasitələrinin təmiri sektoru tamamlayır: burada 95 min 566 qadın vətəndaşımızın əmək müqaviləsi qeydiyatdan keçib.
Qadınların orta aylıq əmək haqqısına gəldikdə isə, ən yüksək maaş mədənçıxarma sənayesində təklif edilir. Burada qadın işçilərin orta maaşı 2915 manatdır. Daha sonra maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan qadın vətəndaşlarımızın orta aylıq maaşı gəlir: 1813 manat. Burada ilk üçlüyü informasiya və rabitə sektoru tamallayır: 1353 manat. Məşğulluqda böyük paya malik olan təhsil sektorunda isə qadınların orta aylıq maaşı 731 manatdır. Hazırda, qadınların orta aylıq maaşı kişilərin orta əmək haqqısının 68.9 faizinə bərabərdir. Qlobal olaraq bu nisbət 77-80 faizdir.
Süni intelektin və rəqəmsal həllərin daha da inkişaf etdiyi müasir dövrdə qadınların iqtisadi dəyər yaratmaqda töhvəsinin daha da artırılması gender siyasətinin əsas istiqamətlərindən olaraq qalmaqdadır.
Hörmətli xanımlar, Sizi 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir, cansağlığı, səadət və işlərinizdə yeni-yeni uğurlar arzulayırıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31