AZ

“Barsa” darmadağın etdi, “Atletiko” da xeyir gördü - İCMAL

La Liqada hesabat turu “Barselona”nın iddialı “Vilyarreal”ı darmadağın etməsi ilə əlamətdar oldu ki, bundan yararlanan “Atletiko” da 3-cü pilləyə döndü. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparanlardan “Selta” əzmkar qələbə qazandı, “Betis” isə 2:0-ı əldən verdi. Elitada yerini qorumağa çalışanlardan “Levante” qalib gəldi, “Malyorka” ilə “Ovyedo” uduzdu.

"Football-plus.az" xəbər verir ki, “Barselona” çempionatda ardıcıl 2-ci dəfə böyükhesablı qələbə qazandı. Sadəcə, bu dəfə kataloniyalıların rəqibi zəif “Levante” yox, 3-cü pillədə qərarlaşan “Vilyarreal” idi. “Sarılar” bunu qədər ardıcıl iki dəfə “Barsa”nı səfərdə məğlub etsələr də, bu dəfə meydan sahibləri rəqibə göz açmağa imkan vermədi. Qarşılıqlı hücumlar şəraitində davam edən oyunda Yamal hesabı açdı. Gənc istedad Lopesin ötürməsindən yararlandı. 10 dəqiqə sonra “Barsa”nın 10 nömrəsi daha bir qol vurdu. Fasiləyə qədər fərq darmadağın həddinə də çata bilərdi. Ancaq Kundenin qolu sayılmadısa, Yamal topu tirin üstündən vurdu.

2-ci hissə başlayan kimi hücumlar sıralandı və bu dəfə qonaqlar künc zərbəsindən sonra fərqi azaltdı. İntriqa bərpa olundu, bir neçə dəqiqə sonra Peres topu boş qapıdan keçirsəydi, hətta hesab bərabərləşəcəkdi. Flik 59-cu dəqiqədə Pedrini meydana buraxmaqla oyunun axarını dəyişdi. “Barsa” yenidən oyunun axarını nəzarət altına aldı. Tezliklə Pedri Yamalı qapıçıyla təkbətək çıxardı, o da het-trik etmək şansını qaçırmadı. Uzatma dəqiqələrində fərqlənən Levandovski isə komandasına böyükhesablı qələbə qazandırdı.

“Atletiko”dan söz düşmüşkən, turnir cədvəlinin sonuncusu “Ovyedo”nun qonağı olan “hindular” yeganə qolu 90+4-cü dəqiqədə vurdu. 2-ci hissədə oyuna qoşulan Alvares komandasına qələbə qazandırdı.

Sevilya derbisi maraqlı mübarizə gözləyənlərin ümidini doğrultdu. Maraqlıdı ki, “Betis” rəhbərliyi azarkeşlərə komandanın oyunöncəsi son məşqini pul ödəmədən izləmək imkanı yaratmışdı.Və həmin məşqə 25 min (!) azarkeş toplaşmışdı. Amma Manuel Pelleqrininin komandası 67 min azarkeşin gözü önündə “Sevilya”nı məğlub edə bilmədi. Nominal meydan sahibləri ilk yarıdan sonra 2:0 öndə olsa da, Romero 85-ci dəqiqədə bərabərlik qolunu vurdu.

Avrokuboklara iddialı “Selta” “Jirona” ilə səfər oyununda ilk yarıdan sonra geri düşsə də, 2-ci hissədə iki qol vurmaqla əzmkar qələbə qazandı. “Real Sosyedad” da “Malyorka” ilə səfər oyununda qələbəyə sevindi. “Rayo Valyekano” – “Atletik”, “Elçe” – “Espanyol” oyunlarında “sülh” qeydə alındı, “Levante” “Alaves”ə, “Valensiya” “Osasuna”ya qalib gəldi.

26-cı tur
Barselona – Vilyarreal 4:1

Yamal, 28; 37; 69. Levandovski, 90+1 – Geye, 49. (44256)
Barselona: X.Qarsiya, Kunde, Kubarsi, E.Qarsiya, Balde, Lopes, Bernal (Arauxo, 67), Olmo (Pedri, 59), Yamal (Bardaqji, 73), Rafinya (Reşford, 73), Torres (Levandovski, 67).

Ovyedo – Atletiko 0:1
Alvares, 90+4. (27067)
Atletiko: Oblak, Dias, Le Norman, Ximenes, Molina, Mendosa (Koke, 61), Kardoso (Qrizmann, 61), Baena, Almada (Lyorente, 71), Lukman (Alvares, 46), Sörlot (Simeone, 61).

Betis – Sevilya 2:2
Antoni, 16. Fidalqo, 37 – Sançes, 62. Romero, 85. (67447)

Jirona – Selta 1:2
Vanat, 35 – Cutqla, 58. Reys, 70-öz qapısına. (11371)

Malyorka – Real Sosyedad 0:1
Soler, 36. (17120)

Rayo Valyekano – Atletik 1:1
De Frutos, 35 – İ.Uilyams, 47. (13512)

Elçe – Espanyol 2:2
Aquado, 42. Mir, 89-p. – K.Qarsiya, 7. Romero, 57. (25028)

Levante – Alaves 2:0
Espi, 88; 90+7. (17880)

Valensiya – Osasuna 1:0
Ramazani, 67-p. (44415)

Real – Xetafe 0:1
Satriano, 39. (65104)

1. Barselona 26 21 1 4 71-26 64
2. Real 26 19 3 4 54-22 60
3. Atletiko 26 15 6 5 43-23 51
4. Vilyarreal 26 16 3 7 48-31 51
5. Betis 26 11 10 5 42-32 43
6. Selta 26 10 10 6 36-28 40
7. Espanyol 26 10 6 10 33-39 36
8. Real Sosyedad 26 9 8 9 38-38 35
9. Atletik 26 10 5 11 30-36 35
10. Osasuna 26 9 6 11 30-30 33
11. Xetafe 26 9 5 12 21-29 32
12. Sevilya 26 8 6 12 34-41 30
13. Jirona 26 7 9 10 27-42 30
14. Valensiya 26 7 8 11 27-39 29
15. Rayo Valyekano 25 6 9 10 23-32 27
16. Alaves 26 7 6 13 23-34 27
17. Elçe 26 5 11 10 34-39 26
18. Malyorka 26 6 6 14 29-42 24
19. Levante 26 5 6 15 28-44 21
20. Ovyedo 25 3 8 14 16-40 17

Bombardirlər: Mbappe (Real) - 23, Muriqi (Malyorka) – 16, Yamal (Barselona) – 13, Torres (Barselona), Budimir (Osasuna) – 12.

Turun rəqəmi
1000 – “Real Sosyedad” La Liqada qələbə sayını bu həddə çatdırdı. San-Sebastyan klubu bunu 2632-ci oyunda bacardı. “Ağ-mavilər” elitada keçirdiyi 79 mövsümdə 1000 qələbə qazanıb, 660 dəfə heç-heçə edib, 972 oyunda uduzub. “Real Sosyedad” qələbə sayında bu 7 komandadan geri qalır: “Real”, “Barselona”, “Atletiko”, “Atletik”, “Valensiya”, “Sevilya”, “Espanyol”.

Turun ulduzu
Lamin Yamal (Barselona) – qonaq müdafiəçilər gənc ulduzu heç cür saxlaya bilmədi. Het-trik etdi, rəqib qapısına 6 zərbə vurdu. Bir sözlə, “Vilyarreal”la oyun Laminin benefisinə çevrildi.

Turun sitatı
Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi:
“Vilyarreal” uduzmuşdu, turnir cədvəlində bizdən irəlidə qərarlaşan komandalardan geri düşməmək çox vacib idi. La Liqada sabitliyə can atmalıyıq. Qələbə yolunda çox güc sərf etdik, mübarizəyə yeni oyunçular qoşduq. Baenanın qolu ləğv olunsa da, Alvares gözəl qolla bizə qələbə qazandırdı”.

Oyundan sonra
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:
“Bu səviyyədə oynamaq bizim üçün vacibdi. Özünəinama ehtiyacımız var idi. İlk yarıda daha bir-iki qol vura bilərdik. Nəticədən və oyundan çox razıyam. Hər kəs bütün gücünü meydanda qoydu, bu məqam xoşuma gəldi. Əvvəlki oyunlarda da çoxlu qol vəziyyəti yaradırdıq. Topsuz qalanda oyuna nəzarət etməyi bacarmaq lazımdı. Topsuz qalanda rəqibə çox az boş zona buraxır, dərhal pressinq tətbir edirdik”.

Faktlar
* Yamal karyerasında ilk dəfə het-trik etdi. İlk iki qolda ona məhsuldar ötürməni Lopes, üçüncüdə isə Pedri verdi. La Liqa tarixində yalnız iki futbolçu Yamaldan daha gənc yaşda het-trik edib. Bunlardan biri Pombo (“Rasinq”, 1934-cü il, 17 yaş 222 gün), o biri isə İraraqorridi (“Atletik”, 1930-cü il, 17 yaş 337 gün). 18 yaş 230 günlüyündə het-trik edən Yamal “Barsa” tarixinə bu göstəricidə rekordçu kimi düşdü. Messi bunu 19 yaş 259, Covanni 19 yaş 6 günlüyündə bacarmışdı. Yamal bu het-trik sayəsində daha bir unikal göstəriciyə imza atdı. O, 21-ci əsrdə “böyük beşlik” ölkələrində 19 yaşını tamamlamadan 27 qol vurmağı bacaran ilk oyunçudu.
* Flik “Barselona”nın baş məşqçisi kimi 100-cü oyununu keçirdi. Komanda onun rəhbərliyi altında 75 qələbə qazanıb, 9 dəfə heç-heçə edib, 16 oyunda uduzub. Top fərqi belədi: 281-119. “Barsa” Flikin dönəmində İspaniya çempionu olub, 1 dəfə ölkə kubokunu, 2 dəfə Superkuboku qazanıb. Almaniyalı mütəxəssis 100 və daha çox oyun keçirən mütəxəssilər arasında qələbə faizinə görə 2-ci yerdədi. “Top-5” belədi: Luis Enrike – 76,2, Hans-Diter Flik – 75, Pep Qvardiola – 72,5, Elenio Errera – 70,6, Ernesto Valverde – 66,9 faiz.
Seçilən
144
football-plus.az

1Mənbələr