Daşınmaz əmlakın alınması zamanı kompensasiyanın necə və nə vaxt ödənilməsi məsələsi yenidən gündəmə gəlib. Milli Məclisdə səsləndirilən təklifə görə, kompensasiyanın qabaqcadan və ədalətli ödənilməsi mexanizmi ayrıca qanunla tənzimlənə bilər.
Təşəbbüsdə qeyd olunur ki, mövcud hüquqi mexanizmlər təkmilləşdirilməli, kompensasiyanın forması və meyarları yeni qanunla kompleks şəkildə müəyyən olunmalıdır.
Day.Az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev bildirib ki, kompensasiyanın qabaqcadan ödənilməsi və ədalətli qiymətləndirmənin aparılması vətəndaş hüquqlarının qorunması baxımından vacibdir. Yeni hüquqi mexanizm həm dövlətin maraqlarını, həm də mülkiyyətçinin hüquqlarını balanslaşdırmalıdır.
Deputatın sözlərinə görə, torpaq və ya digər əmlak dövlət ehtiyacları üçün özgəninkiləşdirildikdə və ya vətəndaşların yaşadığı binalar hər hansı səbəbdən söküldükdə, bunun müqabilində ədalətli kompensasiya ödənilməsi və vətəndaşı razı salacaq təminatın verilməsi çox vacibdir.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə isə əsas problem kompensasiyanın bazar dəyərinə uyğun hesablanmaması və ödənişlərin gecikməsidir. Onun sözlərinə görə, beynəlxalq təcrübədə əvvəlcə qiymətləndirmə aparılır, vətəndaşla razılaşma əldə edilir və yalnız bundan sonra əmlakın köçürülməsi həyata keçirilir. Ekspert hesab edir ki, ayrıca qanun mexanizmi bu prosesi daha şəffaf edə bilər.
Ramil Osmanlı qeyd edib ki, bəzi hallarda tikinti şirkətləri sakinlərdən mənzil alarkən yaşayış sahəsinin hesablanması qaydalarını pozur. Mənzil satışı zamanı artıq sahə göstərilməsi və digər qanun pozuntuları halları da müşahidə olunur. Onun sözlərinə görə, bu hallara görə məsuliyyət tədbirləri daha sərt olmalıdır.
Ekspert vurğulayıb ki, istər vətəndaş, istərsə də tikinti şirkətləri qanunu pozduğu halda onlara qarşı ciddi tədbirlər görülməlidir.
Elcan Turan
Day.Az