ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Facemark” şirkətinin təşkilatçılığı ilə 7 mart 2026-cı il tarixində Gülüstan Sarayında II Qadın Liderləri Zirvəsi keçirilib və tədbir müxtəlif sahələrdə iz qoymuş qadın liderləri eyni səhnədə birləşdirib.
Zirvənin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, tədbirdə "BigChefs" restoranlar şəbəkəsinin təsisçisi Gamze Cizreli çıxışı zamanı şəxsi uğur hekayəsindən bəhs edib.
Gamze Cizreli bildirib ki, ailənin üçüncü qız övladı kimi dünyaya gəlib və ailəsi əvvəlcə oğlan uşağı gözləyib: “Doğulduğum zaman anam üçüncü qız övladı olduğu üçün ətrafdakılardan utanıb. Bu faktı bilmək məni daha əzmkar olmağa sövq etdi”.
Gamze Cizrelinin sözlərinə görə, 1993-cü ildə ilk dəfə risk edərək kiçik bir kafe açıb və zamanla bu kafe uğur qazanıb, lakin illər sonra iş ortağı olan həyat yoldaşı ilə ayrıldıqdan sonra hər şeyi geridə qoyaraq həyatına yenidən başlamaq məcburiyyətində qalıb: “Bilmirdim ki, nə işlə məşğul olum. Ailəmin də mənim üçün biznes qurmağa imkanı yox idi. Bankdan kredit götürdüm və risk edərək öz brendimi yaratdım. Bu brend illər ərzində böyüdü və bir çox şəhər və ölkələrdə filialları açıldı”.
Gamze Cizreli vurğulayıb ki, onun kimi uğur hekayəsinə sahib yüzlərlə qadın var və qadınlara əsas mesajı özlərinə inanmaqdır: “Bizim kişilərlə rəqabət aparmaq niyyətimiz yoxdur. Biz sadəcə cəmiyyətdə öz yerimizi tutmağa çalışırıq”.
Leyla Mirzə, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.