AZ

Yaxın Şərq müharibəsi Dubayı "vurdu"

Regionda gərginliyin artması Dubayın maliyyə mərkəzi kimi sabitliyi ilə bağlı suallar doğurmağa başlayıb.

Musavat.com "Reuters"ə istinadən xəbər verir ki, Yaxın Şərqdə yeni münaqişənin başlanmasından sonra asiyalı investorların Dubaydakı kapitalını başqa maliyyə mərkəzlərinə köçürmək istəyi artıb.

Məlumata görə, son illərdə Dubay sərfəli iqtisadi siyasət və investisiya imkanları sayəsində regionun əsas maliyyə mərkəzlərindən birinə çevrilmişdi. Lakin İranın BƏƏ və Qətər kimi ölkələrə cavab zərbələri endirməsi regionun sabitliyi barədə şübhələri artırıb.

İranın ilk cavab hücumlarından dərhal sonra iki hindistanlı sahibkar riskləri sığortalamaq məqsədilə Dubaydakı bank hesablarından 100 min dollardan çox vəsaiti Sinqapura köçürməyə cəhd edib. Bu, təkcə ayrı-ayrı hallar deyil. Məlumata görə, bir çox asiyalı investor Dubaydakı aktivlərini Sinqapur və Honkonq kimi digər regional maliyyə mərkəzlərinə köçürmək imkanlarını araşdırır.

Sinqapurda fəaliyyət göstərən özəl kapital üzrə hüquqşünas Rayan Lin bildirib ki, Dubaydakı 20 müştərisindən təxminən yeddisi aktivlərini Sinqapura köçürməyi planlaşdırır. Hər bir müştərinin orta aktivlərinin təxminən 50 milyon dollar olduğu qeyd edilir.

Korporativ və fond xidmətləri göstərən "Anderson Global" şirkətinin rəhbəri Ayris Syu isə "Reuters"ə bildirib ki, bu həftə Dubaydan aktivlərin Sinqapura köçürülməsi ilə bağlı 10–20 ailə ofisindən sorğu alıb.

Bununla belə, bütün investorlar panika içində deyil. Dubayda yerləşən "WRISE Private Middle East" investisiya şirkətinin rəhbəri Dhruba Jyoti Sengupta “kapitalın kütləvi qaçışı” barədə ciddi müzakirələr görmədiyini və müştərilərin BƏƏ-nin uzunmüddətli sabitliyinə inandıqlarını deyib.

GrandWay ailə ofisinin həmtəsisçisi Ceremi Lim də Əbu-Dabidə yeni ofis açmaq planlarının dəyişmədiyini bildirib. Onun sözlərinə görə, BƏƏ birbaşa münaqişəyə cəlb olunmadığı və eskalasiya baş vermədiyi halda plan qüvvədə qalacaq.

Musavat.com

Seçilən
77
musavat.com

1Mənbələr