AZ

Gender bərabərliyi necə inkişaf etməlidir? Ekspertlərdən vacib təkliflər

Beynəlxalq Qadınlar Günü ərəfəsində müasir Azərbaycan cəmiyyətində qadınların rolunun gücləndirilməsi və gender bərabərliyinin daha da inkişaf etdirilməsi məsələsi aktuallığını qoruyur. Bu istiqamətdə hansı addımların prioritet olması ilə bağlı QHT.az Milli Məclisin deputatı Pərvanə Vəliyevaya, Əməkdar jurnalist, aparıcı Mətanət Ağamirliyə və tibb üzrə fəlsəfə doktoru, dosent Afət Həsənovaya sual ünvanlayıb. Ekspertlər fikirlərini QHT.az-la bölüşüblər. 

Milli Məclisin deputatı Pərvanə Vəliyeva QHT.az-a bildirib ki, Beynəlxalq Qadınlar Gününün yaranması XX əsrin əvvəllərində qadınların əmək hüquqları, seçki hüququ və sosial bərabərlik uğrunda mübarizəsi ilə bağlıdır. 1975-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) Beynəlxalq Qadınlar Gününü rəsmi şəkildə qeyd etməyə başlamışdır. Həmin ildən etibarən bu gün qadın hüquqları və gender bərabərliyi mövzularının qlobal səviyyədə müzakirə olunduğu mühüm tarixə çevrilmişdir:

"Azərbaycanda qadınlar tarix boyu elm, mədəniyyət, siyasət və ictimai həyatda mühüm rol oynamışlar. Onların arasında dövlət xadimləri, alimlər, müəllimlər, həkimlər, incəsənət nümayəndələri və digər sahələrdə çalışan minlərlə qadın ölkənin inkişafına böyük töhfələr vermişdir. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan qadını hər zaman vətənin müdafiəsi uğrunda əlindən gələni əsirgəməmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri nümayiş etdirmişlər. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etmişlər. Möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları bu gün də öz dərin zəkaları və tükənməz daxili potensialları ilə xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.

IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etmişdir. Platformanın əsas məqsədi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılması olmuşdur. Pekin Bəyannaməsi və Fəaliyyət Platforması bütün dünya qadınlarının hüquqlarının qorunacağını, sülhə və gender bərabərliyinə nail olmaq üçün inkişaf proseslərində yaxından iştiraklarına mane olan amillərin aradan qaldırılacağını bəyan etmişdir. Bundan başqa, 1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisələrdən biridir".

Deputat həmçinin bildirib ki, qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. Bu məqsədlə 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün 2006-cı ildə  “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur:

"Həmçinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə hər zaman həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər bütün xanımlar üçün örnəkdir. Məlum olduğu kimi, “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı” hazırlanmışdır. Bu Milli Fəaliyyət Planı gender bərabərliyinin təmin olunması və bu sahədə hüquqi və institusional mexanizmlərin təkmilləşdirilməsi, qadınların sosial-iqtisadi və ictimai-siyasi fəallığının artırılması, əmək bazarında gender fərqlərinin və ayrı-seçkiliyin azaldılması, təhsil, məşğulluq, media və digər sahələrdə gender yanaşmasının tətbiqi, gender bərabərliyi mədəniyyətinin təbliği və maarifləndirmə işlərinin gücləndirilməsi, sosial həssas qruplardan olan qadınların tibbi, hüquqi və sosial xidmətlərə çıxışının genişləndirilməsi, dövlət qurumları və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi istiqamətlər üzrə məqsədləri əhatə edir.

Dövlət müstəqilliyimizin bərpasından sonra ötən dövr ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermiş, elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu hər il artırmağa nail olmuşlar.

Beləliklə, müasir dövrdə ölkəmizdə qadınlar sosial və iqtisadi həyatın bütün sahələrində fəal iştirak edirlər. Onlar dövlət idarəçiliyindən tutmuş elmə, biznesdən incəsənətə qədər müxtəlif istiqamətlərdə böyük uğurlar qazanırlar".

Əməkdar jurnalist, aparıcı Mətanət Ağamirli isə QHT.az-a açıqlamasında qeyd edib ki, güclü qadın obrazı arxamızdan gələn nəsillər,  gənc xanımlar üçün mayakdır, motivasiya mənbəyidir. Güclü qadını isə onu əhatə edən ətraf, cəmiyyət yetişdirir. Gender bərabərliyinə  ən yüksək səviyyədə nail olmaq cəmiyyətdə qadınların rolunun gücləndirilməsini təmin edən faktor rolunda çııxş edir.  Gender bərabərliyinin daha da inkişaf etdirilməsi üçün prioritetlərdən danışarkən təhsil amili önə çıxır. Qızların təhsilə yönəlməsi, bilik, savada yiyələnməsi, geniş dünyagörüşünə malik olması onları öz hüquqlarından agah edir. Qadın öz hüquqlarını bilərsə istər ailədə-kariyerasında, istərsə də cəmiyyətdə mövqe sahibi olacaq. Hüququnu bilən qadının iqtisadi müstəqilliyi ailənin daha sağlam idarə olunması  üçün də çox vacibdir. Bərabərlik bütün parametrlərdə  qorunarsa bu bütövlükdə cəmiyyətdə  qadının rolunun genişlənməsini təmin edər:

"Qeyd etdiyim kimi qadın təhsil almalıdır, təhsildə uğurlu deyilsə,  peşəyönümlü orta təhsil müəssisələrinə yönləndirilməlidir. Ali təhsil almamaq faciə deyil. Qadın istənilən  peşəyə  yiyələnərək cəmiyyətdə öz yerini qazana bilər.  Azmı gördük ali təhsil almayıb böyük iş qadını olan xanımları? Və ya bir peşədə dünya şöhrəti qazananları? Sadəcə uşaqlıqdan başlayaraq düzgün yönləndirilməlidir. Bu isə uşaq bağçasından, orta məktəbdən başlayır. Deməli bütün nüanslar sonda gəlib təhsilə bağlanır. Digər tərəfdən qeyd etdiyiniz nəticələr üçün dövlətin həyata keçirdiyi siyasət də müstəsna rol oynayır. Doğrudur ki, ölkəmizdə dövlətin həyata keçirdiyi qadın siyasətindən narazılığa heç bir əsas yoxdur. Amma gender bərabərliyindən danışarkən istər-istəməz suallar yaranır:  niyə ölkəmizdə qadın nazir yoxdur? Niyə icra hakimiyyəti aparatlarında icra başçısı əsasən əks cinsin nümayəndələridir? Dövlət qurumlarında qərarvermə səviyyəsində gender balansı mövcuddurmu? Yəni qadının cəmiyyətə intiqrasiyasının genişlənməsi cəmiyyəti təşkil edən fərdlərdən və mövcud qanunlardan, dövlətdən asılıdır".

Tibb üzrə fəlsəfə doktoru, dosent  Afət Həsənova isə QHT.az-a bildiribb ki, inkişaf hər zaman prioritetdir. Dünya nə qədər daha üstün səviyyəyə keçsə də bununla kifayətlənmək mümkün deyil. Sürətlə irəliləyən, dəyişən dünyamızda dayanmaq, gecikmək qəbul olunmur. Nəinki Azərbaycan cəmiyyətində, dünyanın hər bir ölkəsində  qadınların rolunun gücləndirilməsi hər zaman aktualdır. Ölkəmizə gəldikdə hesab edirəm ki,  İlk növbədə qızların elmi potensiallarının, texnologiya, riyaziyyat elmlərinə maraqlarının artırılması istiqamətində işlər görülməlidir. Tarixin elə bir dönəmindəyik ki, biliksiz, elmsiz, təhsilsiz olmaz, mümkün deyil. Xüsusilə bölgələrimizdə bu işlər daha geniş miqyas almalıdır, yeniyetmə qızların təhsildən yayınmasının, erkən nigahların qarşısı alınmalıdır. Gənc xanımların elmi fəaliyyətlə məşğul olması üçün elmi mərkəzlərin yaradılmasına, müxtəlif maarifləndirmə proqramlarının həyata keçirilməsinə ehtiyac var:

"Necə demişlər, dünyanı dəyişmək üçün ən güclü silah təhsildir. Hədəf təhsil, yenə də təhsil olmalıdır. Təhsilli bir xanım gələcək nəslin inkişafı, özgüvəni, qloballaşan dünyanın standartlarına uyğun gələcək, mənəvi dəyərlərin gələcəyə daşınması, tərbiyəli ardıcıllarımız deməkdir. Eyni zamanda, bütün sahələrdə gender bərabərliyinin qorunub saxlanılması vacibdir. Gender bərabərliyi təkcə qadınların işiləməsi, təhsili, biznesdə yer alması deyil. Bu bərabərlik ailələrdə də  qorunmalıdır. Ailə daxilində bərabər qərarvermə modelinin yaranması, inkişaf etdirilməsi məncə ailə institutunun daha da möhkəmlənməsinə, gənc ailələrin məsuliyyətli dönəmi daha rahat keçməsinə zəmin yaradar. Qısacası, cəmiyyətdə qadınların rolunun gücləndirilməsi və gender bərabərliyinin daha da inkişaf etdirilməsində dövlət qurumları ilə yanaşı qeyri-dövlət təşkilatlarının, hər bir fərdin üzərinə məsuliyyət düşür.  Çünki bu ölkə, bu xalq, bu millət  tarixin bizə əmanətidir".

 

Pərvanə Fərhadqızı

QHT.az 

Seçilən
120
1
qht.az

2Mənbələr