AZ

Mamoy Mansurov: Qadınlar həyatın əbədi gözəlliyidir » AzadMedia.az


Mamoy Mansurov,
Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin dekanı


Tarixin bütün dövrlərində Azərbaycan qadını Vətənimizin müdafiəsində, dövlətçilik ənənələrinin formalaşmasında və ictimai-siyasi həyatın inkişafında mühüm rol oynamışdır. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan Kitabi-Dədə Qorqud dastanında qadın obrazları yalnız ailə dəyərlərinin daşıyıcısı deyil, həm də savaş meydanında şücaət göstərən qəhrəmanlar kimi təqdim olunur.

Tarixi mənbələrdə adı qürurla çəkilən Tomris, Möminə Xatun, Sara Xatun kimi lider qadınlar siyasi uzaqgörənlikləri, diplomatik məharətləri və cəsarətləri ilə Azərbaycan qadınının gücünü simvolizə edirlər. Onların fəaliyyəti göstərir ki, Azərbaycan qadını hər zaman yalnız ailənin deyil, bütövlükdə xalqın taleyində həlledici mövqedə dayanıb

Sürətlə maariflənən Azərbaycan qadınları yüzilliklər boyu formalaşmış milli-mənəvi dəyərlərə sadiq qalaraq ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın qoruyucusu olmuşlar. Keçmişimizin möhkəm iradəli, yüksək ləyaqətli qadın şəxsiyyətlərinin ənənəsini davam etdirən müasir Azərbaycan xanımları bu gün də elm, mədəniyyət, səhiyyə, təhsil və digər sahələrdə mühüm uğurlara imza atırlar.

Dünyanın bir çox ölkələrinin qadınlarından daha əvvəl seçki hüququ əldə etməsi, eləcə də beynəlxalq miqyasda qazandıqları nailiyyətlər Azərbaycan qadınının yüksək mədəni və intellektual potensialından xəbər verir.

Müstəqil Azərbaycan dövlətində qadın siyasətinin formalaşmasında Heydər Əliyevin rolu xüsusi qeyd olunmalıdır. Ümummilli Lider ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırmış, onların idarəçilik və ictimai fəaliyyət imkanlarını genişləndirmişdir. Dövlət səviyyəsində həyata keçirilən qadın siyasəti gender bərabərliyinin təmin olunmasına və qadınların liderlik potensialının üzə çıxarılmasına xidmət edib
Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olması dövlət siyasətinin əsas prinsiplərindən biridir.

1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etmişdir. Bu sənəd qadınların siyasi, iqtisadi və sosial vəziyyətinin yaxşılaşdırılmasını, gender bərabərliyinin təmin edilməsini və qadınların inkişaf proseslərində fəal iştirakını nəzərdə tutur.

1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasəti tarixində mühüm hadisə olmuşdur. Qurultayda qadınların cəmiyyətin müxtəlif sahələrində rolu, onların hüquqlarının müdafiəsi və sosial problemlərinin həlli məsələləri geniş müzakirə edilmişdir. 1998-ci ildən etibarən hər beş ildən bir keçirilən bu qurultaylar qadın siyasətinin inkişafında əlamətdar platforma kimi çıxış edir.

8 Mart – Beynəlxalq Qadınlar Günü yalnız bir bayram deyil, həm də Azərbaycan qadınının şərəfli tarixinin, mübarizə əzminin və müasir uğurlarının təntənəsidir. Tarix boyu Vətənə sədaqət, ailəyə bağlılıq və cəmiyyətə xidmət prinsiplərini öz həyat amalına çevirən Azərbaycan qadını bu gün də dövlətimizin və xalqımızın inkişafında mühüm rol oynamaqdadır.
Seçilən
45
azadmedia.az

1Mənbələr