AZ

“Qarabağ”dan uğur tələb etməyə haqqınız çatmır! – səs-küylü monitorlar, boş tribunalar...

Martın 4-ü-5i aralığında ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunlarına şahidlik etdik.

Bilindiyi kimi, ilk oyunlarda qeydə alınan nəticələr cavab görüşləri üçün gərgin mübarizə, yüksəksəviyyəli intriqa və son saniyələrə qədər həyəcan vəd edirdi. Belədə kubok matçlarına azarkeş marağının əvvəlki oyunlarla müqayisədə böyük olacağını düşünsək də, yanıldıq.

“Sumqayıt”ın meydanından “sülh”lə ayrılan “Zirə”nin matçında 600, Şamaxıda məğlub olan, bu üzdən evdə azı iki qola ehtiyac duyan “Qarabağ”ın oyununda 750, həm də Qərb derbisi statusu daşıyan “Kəpəz” – “Turan Tovuz” qarşılaşmasında 350, premyer-liqada uğursuz mövsüm keçirsə də, kubokda 3 il sonra yenidən yarımfinala vəsiqə qazanmaq şansı olan “Qəbələ”nin “Sabah”la görüşündə 300 azarkeş oldu. Yəni hər matçı orta hesabla 500 tamaşaçı tribunalardan izlədi.

“Qırmızı-qaralar” Masazırdan qolsuz heç-heçə ilə qayıtmışdı. Və “bayquşlar”a penalti seriyasına qədər təslim olmadılar. Əminik ki, belə oyunu stadiondan izləməyən hər bir qəbələli azarkeş peşmandı. Elə gəncəlilər də hansısa bəhanənin arxasına sığına bilməz. Komandanın Yevlaxda məskunlaşması tərəfdarlara mane olmamalı, ilk matçda məğlub duruma düşən kollektivə dəstək göstərilməliydi. Hələ “Qarabağ” azarkeşlərini demirik. Qurban Qurbanov demişkən, çox tələbkardılar. İş ondadı ki, əksəriyyətini stadionlarda görmək olmur. Komandanı xüsusən sosial şəbəkələrdə təzyiq altında saxlayan tərəfdarlar “Sabah”la oyunda belə arzuolunan səviyyədə çoxluq təşkil etmədi.

Təbii ki, oyunların həftəiçi keçirilməsi, iş günü olması kimi məqamları qabardan əksər tərəfdarlar səmimi deyil. Axı Avropada da həmin vaxtlara təsadüf edən görüşlər keçirilir və tərəfdar qıtlığı yaşanmır. Sadəcə, biganəliyin ört-basdır edilməsinin daha rahat yolu yoxdu.

İndi mövsümün ən qızğın dövrü başlayır. Ölkə kubokunda yarımfinal, premyer-liqada sonuncu – 3-cü dövrənin oyunları keçirilir. Azarkeşlər tribunada olsun ki, komandalarının uğurlarına birgə sevinsinlər. Uğursuz nəticələri tənqid etməyə də haqları olsun...

KƏNAN BAHADIR

Seçilən
102
1
football-plus.az

2Mənbələr