
22 ildir dərzilik fəaliyyəti ilə məşğul olan Mübarizin ailə biznesini qurub, onu inkişaf etdirmək üçün dəstəyə ehtiyacı olduğunu anlayaraq Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramından yararlanmaq qərarına gəlib. Proqramın haqqında məlumat əldə etdikdən sonra müraciət edərək seçim mərhələsindən keçib və xüsusi təlimlərə qatılıb.

Layihə çərçivəsində Mübariz Ələkbərova müasir tikiş maşını, overlok, ütü və digər zəruri avadanlıqlar təqdim olunub. Bu dəstək həm işin keyfiyyətinin, həm də müştərilərin sayının artmasına təsir göstərib.

Artıq Mübariz yalnız sadə tikiş xidmətləri deyil, müxtəlif ölçü və dizaynda geyimlərin hazırlanması ilə də məşğuldur. Sifarişlərin artması ailə büdcəsinə sabit gəlir gətirib. İndi dərzi biznesini genişləndirməyi düşünür.
- 2020-ci ildə Məşğulluq Agentliyinə müraciət etdim. Bir il sonra kursa yazıldım və 4-5 min manat həcmində 7 cür dərzi avadanlıqları ilə təmin olundum. O vaxtdan fəaliyyətimi genişləndirib işləyirəm. Sonradan öz gəlirimdən yeni avadanlıqlar aldım,- Mübariz deyir.

Sexində artıq bir işçi də çalışdıran Mübariz mini-fabrik qurmağı, işçilər cəlb etməyi planlaşdırır: “Məndə o potensial var. Sadəcə bunun üçün də əlavə avadanlıq lazımdır. Məsələn, gələcəkdə baş geyimi tikmək olar, bu daha gəlirlidir. Hazırda əsas işim uniforma tikməkdir. Sıfırdan kostyum, şalvar biçib tikirəm. Sifarişlərim də kifayət qədərdir. Qış mövsümündə sifariş az olur. Yazda sifarişlər də çoxalacaq”.