AZ

8 Mart Qadınlara dəyər bir günlə məhdudlaşmamalıdır

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Hər il 8 mart tarixi dünyada Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Bu gün qadınların cəmiyyətdəki roluna, hüquqlarına və nailiyyətlərinə diqqət çəkmək məqsədi daşıyır. Lakin qadınlara verilən dəyər və göstərilən hörmət təkcə bir günlə məhdudlaşmamalıdır. Əslində, qadına diqqət və qayğı ilin hər günü hiss olunmalıdır.

Cəmiyyətdə qadın çox zaman bir neçə rolu eyni anda daşıyır: ana, həyat yoldaşı, övlad, işçi, rəhbər, müəllim və daha neçə-neçə məsuliyyətli vəzifə. Xüsusilə anaların üzərinə düşən yük çox vaxt gözə görünəndən daha ağır olur. Onlar ailənin mənəvi dayağı, övladların ilk müəllimi və evin səssiz qəhrəmanıdırlar.

Gecə-gündüz demədən çalışan, ailəsinin rifahı üçün öz istəklərini arxa plana atan qadınların zəhməti çox zaman adi qəbul edilir. Halbuki bir cəmiyyətin sağlam formalaşmasında qadının rolu əvəzolunmazdır.

Bu gün qadınlar yalnız ailədə deyil, həyatın bütün sahələrində fəal iştirak edirlər. Elm, təhsil, səhiyyə, siyasət, biznes və incəsənət kimi sahələrdə qadınların uğurları danılmazdır. Onlar daim özlərini inkişaf etdirməyə, həm peşəkar, həm də şəxsi həyatda uğur qazanmağa çalışırlar.

Qadın olmaq bir çox hallarda ikiqat məsuliyyət deməkdir. Həm iş həyatında güclü olmaq, həm də ailədə qayğıkeşliyi qorumaq böyük səbir və iradə tələb edir. Buna baxmayaraq, qadınlar bu çətinliklərə baxmayaraq, həyatın bütün sahələrində ən yaxşısını etməyə çalışırlar.

Bayram günündə gül almaq, xoş söz demək əlbəttə ki, gözəl jestdir. Amma qadınlara həqiqi dəyər onları anlamaq, əməyini qiymətləndirmək və hər zaman yanında olmaqla göstərilir. Qadının zəhmətini görmək, fikirlərinə hörmətlə yanaşmaq və onu dəstəkləmək ən böyük hədiyyədir.

Qadına göstərilən hörmət bütövlükdə cəmiyyətə göstərilən hörmətdir. Güclü qadın güclü ailə, güclü ailə isə güclü cəmiyyət deməkdir.

8 Mart qadınların dəyərini xatırlamaq üçün gözəl fürsətdir. Lakin qadınlara sevgi, diqqət və anlayış yalnız bir günə sığmır. Onların səssiz fədakarlığına, zəhmətinə və sevgisinə qarşılıq olaraq, hər gün dəyər göstərmək hər birimizin borcudur. Çünki qadın sadəcə bir günün yox, həyatın özüdür.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
94
bizimyol.info

1Mənbələr