AZ

Londonlu cərrah robot vasitəsilə 2400 km məsafədə olan xəstəni əməliyyat etdi

ain.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Böyük Britaniyada ilk dəfə olaraq həkim Londondan idarə etdiyi robot sistemi vasitəsilə Cəbəllütariqdə yerləşən xəstəni uzaqdan əməliyyat edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Londonlu cərrah Prokar Dasqupta təxminən 2400 kilometr uzaqlıqda olan 62 yaşlı xəstə Pol Bakstona prostat vəzinin çıxarılması əməliyyatını həyata keçirib. Pasiyentə daha əvvəl prostat xərçəngi diaqnozu qoyulmuşdu.

Cərrahın sözlərinə görə, robot sistemini idarə etmək adi əməliyyatdan demək olar ki, fərqlənmirdi.

"Özümü sanki orada idim kimi hiss edirdim", deyə Dasqupta bildirib.

Somerset qraflığının Bernem-on-Si şəhərində doğulan, lakin artıq təxminən 40 ildir Cəbəllütariqdə yaşayan Pol Bakston tibbi eksperimentin bir hissəsi olmağa razılaşıb.

Onun sözlərinə görə, bu üsul Böyük Britaniyanın Milli Səhiyyə Xidməti vasitəsilə müalicə almaq üçün ölkəyə getmək məcburiyyətini aradan qaldırıb.

"Əgər Cəbəllütariqdə telecərrahiyyə edilməsəydi, Londona uçmalı, növbə gözləməli və orada bir neçə həftə qalmalı olacaqdım. Buna görə bu qərar çox aydın idi", deyə o bildirib.

Əməliyyat fevralın 11-də həyata keçirilib və pasiyent müdaxilədən sonra özünü yaxşı hiss etdiyini bildirib.

Prosedur "The London Clinic"də yerləşən idarəetmə mərkəzindən "Toumai robotic surgical system" adlı robotik cərrahiyyə sistemi vasitəsilə icra olunub.

Robot yüksək keyfiyyətli 3D kamera və dörd manipulyatorla təchiz olunub. Cərrah onları xüsusi konsol vasitəsilə idarə edib. Sistem Cəbəllütariqdə yerləşən əməliyyat otağı ilə optik lif kabelləri vasitəsilə birləşdirilib, əlavə olaraq ehtiyat 5G bağlantısı da təmin olunub.

Siqnalın gecikməsi cəmi 0,06 saniyə təşkil edib. Rabitədə hər hansı nasazlıq yaranacağı halda xəstənin yanında yerli tibbi komanda hazır vəziyyətdə olub.

Həkimlər hesab edir ki, robotlaşdırılmış uzaqdan cərrahiyyə texnologiyası uzaq bölgələrdə mürəkkəb tibbi prosedurlara çıxışı əhəmiyyətli dərəcədə asanlaşdıra bilər.

Prokar Dasquptanın sözlərinə görə, bu texnologiya "dünyanın istənilən yerində olan xəstələrin müalicəsinə ən yaxşı cərrahları cəlb etməyə" imkan verəcək.

Artıq martın 4-də Cəbəllütariqdə başqa bir pasiyent üzərində ikinci sınaq əməliyyatı həyata keçirilib. Növbəti prosedurun isə Avropa Urologiya Assosiasiyasının konqresi zamanı 20 min uroloqa canlı yayımla göstərilməsi planlaşdırılır.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
96
2
qaynarinfo.az

3Mənbələr