AZ

“Necə oldu ki, İranın adamyeyən rejiminin tərəfdarı bizim azərbaycanlı əhalimizin xeyli hissəsi oldu?” SAAKAŞVİLİ

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Gün eynəyi taxaraq, azərbaycanlıları soyan polislərin videosunu çəkdim...”

Gürcüstanın haxırda həbsdə olan üçüncü Prezidenti Mixail Saakavvili sosial şəbəkə hesabında Gürcüstan azərbaycanlıları ilə bağlı müzakirələrə səbəb olacaq paylaşım edib.

"AzPolitika" xəbər verir ki, o, paylaşımında hakimiyyəti dövründə baş verən hadisələrdən danışıb və ölkədəki etnik azlıqların vəziyyətinə dair fikirlərini bölüşüb.

Saakaşvili iddia edib ki, Gürcüstan azərbaycanlılarının bir hissəsinin İrana meyilli olması səbəbindən Azərbaycan quru sərhədlərini bağlamağa məcbur qalıb. O, paylaşımında Əli Xameneinin fotosunu tutan inanclıların görüntüsünü paylaşaraq belə yazıb:

“Bu, hər birimiz üçün ekzistensial məsələdir. Necə oldu ki, İranın adamyeyən rejiminin tərəfdarı bizim azərbaycanlı əhalimizin xeyli hissəsi oldu? Necə oldu ki, Marneulidə gənclər Xameneinin portretləri ilə qaçırlar?

Və ya necə oldu ki, bizim azərbaycanlılar İranın terrorçu xüsusi xidmət orqanları üçün çox asan “verbovka olunanlara” çevrildilər? Necə oldu ki, elə bir vəziyyətə gəldik ki, Azərbaycan öz ərazisinə bizim azərbaycanlı həmvətənlərimizi buraxmamaq üçün Gürcüstanla sərhədi bağlamağa məcbur oldu? Fikir verin: Azərbaycan azərbaycanlıları buraxmır”.

Saakaşvili bildirib ki, Qəzılgül inqilabı dövrünə qədər Gürcüstanda yaşayan azərbaycanlılar təcrid olunmuş şəkildə yaşayırdılar. Onun sözlərinə görə, onlar əsasən kənd təsərrüfatı ilə məşğul olur, gürcü dilini bilmirdilər və ictimai həyatda iştirak etmirdilər. Keçmiş Prezident həmin dövrdə hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı sərt davranış nümayiş etdirdiyini də iddia edib.

O, Eduard Shevardnadze hakimiyyəti dövründə baş vermiş bir hadisəni də xatırladıb. Saakaşvilinin sözlərinə görə, o, ədliyyə naziri işlədiyi vaxt Bolnisidə yerləşən Dezertirlər bazarına gedən avtobusa minərək yol boyu polisin davranışını gizli şəkildə videoya çəkib.

“Axırıncı yerdə oturmuşdum, gün eynəyi və papaq taxmışdım ki, bizi tanımasınlar. Bazara çatana qədər bizi düz 21 dəfə saxladılar və hər dəfə pul tələb etdilər. Azərbaycanlıların pulu qurtaranda isə Tbilisinin girişinə yaxın bir yerdə milis onların pomidorunu, soğanını və süpürgələrini əllərindən almağa başladı”, – deyə o bildirib.

Saakaşvili iddia edib ki, həmin videonu Təhlükəsizlik Şurasının iclasında Şevardnadzeyə və nazirlərə göstərsə də, buna ciddi reaksiya verilməyib: “Prezidentin reaksiyası sıfır idi, nazirlər isə gülüşürdülər”.

Keçmiş Prezident qeyd edib ki, 2004-cü ildə hakimiyyətə gəldikdən sonra polis sistemi ləğv olunub və insanların sıxışdırılmasına son qoyulub. O bildirib ki, bundan sonra azərbaycanlıların inteqrasiyası üçün bir sıra addımlar atılıb.

Saakaşvilinin sözlərinə görə, həmin dövrdə təhsil naziri Kaxa Lomia tərəfindən həyata keçirilən ilk addımlardan biri azərbaycanlı və erməni gənclər üçün universitetə qəbulun asanlaşdırılması olub. Nəticədə əvvəllər yalnız Azərbaycana təhsil almağa gedən gənclər Gürcüstanda qalmağa başlayıblar.

O əlavə edib ki, daha sonra gürcü magistrantları azlıqların yaşadığı bölgələrə gürcü dili müəllimi kimi göndərilib və onlara aylıq 1500 lari maaş verilib. Saakaşvili bildirib ki, həmin dövrdə bu məbləğ təxminən 900 dollara bərabər idi və inflyasiya nəzərə alınsa, bu gün təxminən 1600 dollar edir.

Bundan əlavə, o qeyd edib ki, hakimiyyəti dövründə azərbaycanlıların dövlət orqanlarında irəli çəkilməsi üçün də addımlar atılıb. “Bu kifayət idi? Yəqin ki, yox. Amma ümumilikdə düzgün istiqamətdə hərəkətə başlamışdıq”, – deyə Saakaşvili vurğulayıb.

Keçmiş Prezident hazırkı hakimiyyət – Gürcü Arzusu dövründə isə vəziyyətin pisləşdiyini iddia edib. Onun sözlərinə görə, korrupsiya və reket geri qayıdıb, eyni zamanda İrandan gələn islamçı qruplar və İran kəşfiyyatının fəaliyyəti güclənib.

Saakaşvili bildirib ki, son vaxtlar Kvemo Kartli bölgəsindən olan bir neçə nəfər Avropa ölkələrində İran üçün casusluq ittihamı ilə saxlanılıb. Onun sözlərinə görə, onlardan biri bir neçə gün əvvəl Yunanıstanda həbs edilib.

O, əlavə edib ki, islamçıların təsiri xüsusilə gənclər arasında güclənib. Saakaşvili iddia edib ki, Azərbaycan dini radikalizm təhlükəsi səbəbindən onlarla sərhədini bağlayıb, Tbilisi isə gənclərə heç bir gələcək təklif etmir.

“Gürcülər buna etiraz və ya xaricə köçməklə cavab verirlərsə, azərbaycanlılar rahatlığı İranın radikal şiəliyində tapırlar. Nəticə isə çox kədərlidir”, – deyə o bildirib.

Saakaşvili hesab edir ki, bu proseslər Gürcüstanda təhlükəli etnik qarşıdurma riskini artırır və ölkənin parçalanması təhlükəsini gündəmə gətirə bilər.

O, sonda qeyd edib ki, Gürcüstanda azərbaycanlıların inteqrasiyası üçün ən çox addım atan siyasətçilərdən biri məhz özü olub: “Onları mənim qədər sevən də olmayıb. Amma yalnız keçmişi xatırlamaqla uzağa gedə bilmərik. Nəticəyə yalnız bütün etnik mənşələrdən olan vətəndaşlarımızı birləşdirərək çata bilərik – Gürcüstanın və onun hər bir vətəndaşının azadlığı naminə”.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
93
azpolitika.info

1Mənbələr