Ötən il Azərbaycan Premyer Liqasında legioner limiti ləğv edildikdən sonra klubların çox sayda xarici futbolçu transfer edəcəyi dəqiq idi. Onların kefiyyətli olub-olmayacağı müzakirə olunurdu.
Zamanla hər kəsin nəyə qadir olduğu üzə çıxdı. Bəziləri elə ilk turdan, digərlər isə uyğunlaşma prosesi başa çatdıqdan sonra özünü göstərdi.
Elə ilk oyunundan diqqət mərkəzində olan futbolçulardan biri “Şamaxı”nın üzvü Kərim Rossi idi. İsveçrəli hücumçu elə birinci turda “Neftçi” ilə oyunda (1:1) vurduğu baxımlı qolla bacarığını nümayiş etdirdi. 8-9 aydır ölkəmizdə çıxış edən Rossi bölgə təmsilçisinin ən məhsuldar futbolçusudur. Ucaboy qoleador Premyer Liqada 8, kubokda isə 3 qolla komandasına töhfə verib.

Son 1 ay isə onun üçün dramatik alınıb. “Qarabağ”la Azərbaycan kubokunun ¼ final mərhələsinin ilk oyununda dubl edərək komandasına qələbə qazandırdı - 2:1. Cavab matçında əvvəlcə hesabı bərabərləşdirsə də, son dəqiqəndə (1:3) penaltini qaçırmaqla anti-qəhrəmana çevrildi. Nəticədə komandası mübarizəni dayandırdı.