AZ

Novruz bayramı ərəfəsində balıq qiymətləri - Bahalaşma var?

Novruz bayramı ərəfəsində balıq bazarlarında ən çox tələb olunan növlərdən biri kütümdür.

Day.Az xəbər verir ki, satıcıların sözlərinə görə, son günlər İranda baş verən hadisələr fonunda Azərbaycana bu ölkədən kütüm idxalı kəskin azalıb. Bu isə bazarda qıtlıq yaradıb və qiymətlərə ciddi təsir göstərib.

Əvvəlki aylarda 10-15 manata təklif olunan kütüm balığının qiyməti hazırda 20-25 manata qədər yüksəlib. Satıcılar bildirirlər ki, əvvəlki dövrlərdə martın ortalarına qədər qiymətlər nisbətən sabit qalırdısa, indi artıq martın ikinci yarısından etibarən artım müşahidə olunur. Onların sözlərinə görə, kütüm balığı hazırda bazarda demək olar ki, yoxdur, olan hallarda isə çox az sayda satışa çıxarılır.

Kütüm balığının süni göllərdə yetişdirilməməsi səbəbindən bazar əsasən təbii ovdan asılıdır. Nəticədə həm ovun az olması, həm də xarici ölkələrdən, xüsusilə İrandan gətirilən balıqların azalması təklifin aşağı düşməsinə və qiymətlərin artmasına gətirib çıxarıb.

Bahalaşma digər balıq növlərində də hiss olunur. Xüsusilə farel balığının bazarlarda son günlər xeyli azaldığı bildirilir. Satıcıların sözlərinə görə, əvvəllər 10-14 manat arasında dəyişən farel balığı bəzi günlər ümumiyyətlə tapılmır. Yerli farellər əsasən daha xırda ölçülü olur və onların qiyməti ölçüsündən asılı olaraq təxminən 8-14 manat arasında dəyişir. İrandan gətirilən farel balıqları isə əvvəllər daha iri olurdu və qiyməti 8 manat 50 qəpikdən 14 manata qədər dəyişirdi. Hazırda isə həmin məhsul bazara gəlmir.

Satıcılar bildirirlər ki, xarici ölkələrdən balıq idxalı bərpa olunsa və gətirilən məhsulun həcmi artsa, bazarda qiymətlərin tədricən sabitləşməsi mümkündür.

Elcan Turan
Day.Az

Seçilən
88
day.az

1Mənbələr