AZ

Cihad fətvası verdiyi bildirilən Ayətullah Sistani kimdir?

İraqın ən nüfuzlu dini liderlərindən biri hesab olunan Əli əl-Sistani son günlər cihad fətvası verdiyi barədə yayılan məlumatlarla yenidən gündəmə gəlib.

Bəs Sistani kimdir və region siyasətində hansı rola malikdir?

NOCOMMENT.az bildirir ki, Əli əl-Sistani hazırda İraqın Nəcəf şəhərində yaşayır və şiə dünyasının ən nüfuzlu dini liderlərindən biri sayılır. O, İmam Əli məqbərəsi və məscidinin dini xadimlərindən biri olmaqla yanaşı, Nəcəf şiə dini məktəbinin əsas liderlərindən və milyonlarla şiə üçün mərcəyi-təqliddir.

Nəcəf şəhəri tarixən şiəliyin ən mühüm dini mərkəzlərindən biri hesab olunur. Bu mərkəz İranın Qum şəhərində yerləşən dini məktəblə uzun illərdir müəyyən ideoloji rəqabət içindədir. Nəcəf məktəbinin əsas xüsusiyyətlərindən biri isə din xadimlərinin birbaşa siyasi hakimiyyətə rəhbərlik etməsini nəzərdə tutan Vilayəti-Fəqih modelini qəbul etməməsidir. Bu məktəbə görə, din xadimləri yalnız zəruri hallarda siyasi proseslərə müdaxilə etməlidir.

Bu baxımdan Əli əl-Sistani İranın ali dini lideri Əli Xamenei ilə müqayisədə fərqli mövqe tutur. Sistani daha çox dini lider kimi fəaliyyət göstərir və siyasi hakimiyyət modelinin din xadimləri tərəfindən idarə olunmasını dəstəkləmir.

Sistani beynəlxalq səviyyədə də tanınan dini fiqurdur. 2021-ci ildə Papa Fransisk onunla görüşmək üçün Nəcəf şəhərinə səfər etmişdi. Bu görüş dinlərarası dialoq və qarşılıqlı anlaşma baxımından tarixi hadisə kimi qiymətləndirilmişdi.

Rəsmi dövlət vəzifəsi tutmasa da, Əli əl-Sistani İraqda siyasi və ictimai proseslərdə böyük təsirə malikdir.

2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsindən sonra yeni konstitusiyanın hazırlanması prosesində onun mövqeyi mühüm rol oynayıb.

O, şiə iraqlılarını seçkilərdə iştirak etməyə çağıraraq ölkədə siyasi sistemin formalaşmasına dəstək verib.
2006–2007-ci illərdə İraqda məzhəb qarşıdurması təhlükəsi yarananda Sistani şiələri təmkinli olmağa çağıraraq genişmiqyaslı məzhəb müharibəsinin qarşısının alınmasına təsir göstərib.

2014-cü ildə terror təşkilatı İslam Dövləti İraqın böyük hissəsini ələ keçirdikdən sonra Sistani ölkəni və müqəddəs məkanları müdafiə etmək üçün könüllülərə çağırış edən fətva vermişdi. Bu çağırışdan sonra formalaşan Haşdi Şabi qüvvələri İŞİD-lə mübarizədə mühüm rol oynadı.

Analitiklərin fikrincə, rəsmi siyasi vəzifə tutmasa da, Ayətullah Sistani İraqın dini və siyasi həyatında ən təsirli fiqurlardan biri olaraq qalır.

Nərmin
NOCOMMENT.az

Seçilən
80
nocomment.az

1Mənbələr