AZ

“Pezeşkianın Naxçıvanla bağlı əvvəlki üzrxahlığı fonunda, indi isə “İranın heç bir əlaqəsi yoxdur” fikri ziddiyyət təşkil edir” – Elman Nəsirov

“İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə etdiyi telefon zəngində bildirib ki, Naxçıvanda yaşanan insidentdən İranın heç bir əlaqəsi yoxdur və bunu İran tərəfi etməyib. Təbii ki, bu yanaşma çoxsaylı suallar doğurur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

E.Nəsirov xatırladıb ki, Prezident İlham Əliyev də Təhlükəsizlik Şurasının martın 5-də keçirilən iclasında məhz İran tərəfdən məlum terror aktı ilə bağlı araşdırmaların aparılmasını və izahatın verilməsini tələb edib.

 

Deputatın sözlərinə görə, SEPAH özünə yaxın teleqram kanallarında “Bu, Azərbaycana bir xəbərdarlıqdır” mövqeyini ifadə edib: “Həmin o dronların düşdüyü ərazilərdən şəkillər də paylaşıb. Belə olan vəziyyətdə ölkənin prezidenti faktiki olaraq, ikinci şəxs sayılır, lakin bunu inkar edir. Hesab edirəm ki, bu çox anlaşılmaz məsələdir. Çünki hərbi-siyasi təşkilat olan SEPAH bir mövqe, Prezident isə başqa mövqe ifadə edir. Bu, onu göstərir ki, İranda hakimiyyətin koordinasiyası məsələlərində çox ciddi boşluqlar var. Faktiki olaraq, SEPAH indiki hakimiyyət boşluğundan istifadə edib, daha real qüvvəyə çevrilib. Artıq təkcə hərbi deyil, daha çox həm də siyasi fəaliyyət göstərir. Qərarların qəbulunda isə indiki reallıqlar çərçivəsində görünür ki, təsir imkanları daha da artıb. Belə olan vəziyyətdə Pezeşkianın əvvəlki üzrxahlığı fonunda, indi isə “ümumiyyətlə, İranın heç bir əlaqəsi yoxdur” fikri ziddiyyət təşkil edir. Üzrxahlıq ona görə idi ki, yəni, hadisə baş verib, bu, anlaşılan idi. İndi isə tamam başqa bir mövqedən çıxış edib. “Doğurdanmı SEPAH-ın təsiridir?”, “SEPAH-mı Prezidentə təsir edib?” kimi suallar aktuallaşır. Şübhəsiz ki, hadisələr ikitərəfli münasibətlərimizdə ciddi çatlar yaradıb. Onsuzda İran tərəfi dəfələrlə rəsmi Bakı-Tehran münasibətlərində ciddi problemlərin, çətinliklərin yaranmasına rəvac verən addımlar atıb. Bu dəfəki addımı digərlərini üstələdi, ikitərəfli münasibətlərimizdə xeyli problemlərin yaranmasına səbəb oldu… Buna görə də bütün məsuliyyət İranın üzərinə düşür. Onu da qeyd edim ki, İranın dünyada dostlarının sayının xeyli azaldığı bir reallıqda belə addım atması onu strateji maraqlarına zərbə vurur. Hesab edirəm ki, bu, səhv addımdır. Eyni zamanda, İranın müsəlman ölkələrini, xüsusilə Fars körfəzi ölkələrini hədəfə alması və onlara zərbələr endirməsi yanlışdır. Hörmüz boğazını bağlaması da doğru addım deyil. Çünki nəticə etibarilə həm istehsalçı, həm də alıcı ölkələrin anti-İran koalisiyasının formalaşmasına rəvac verir. Bu İrana lazımdırmı? Hesab edirəm ki, yox. İranda hazırda hakimiyyətin idarəçiliyində koordinasiya çox ciddi pozulub və bir istiqamətdən atəş gəlirsə, İran tərəfi bütün istiqamətlərə atəş açır. Bu, artıq xaosdur və İrana yaxşı nəisə vəd etmir”.

 

Şəhanə Quliyeva

Tarix: 9 Mart 2026, 13:09   
Seçilən
83
pravda.az

1Mənbələr