Son günlərdə sosial şəbəkələrin Türkiyə seqmentində Ramazanda “duz haqqı” gündəm olub.
Qeyd edilir ki, “duz haqqı” Ramazan boyunca oruclu olduğu halda yeməyin dadını, duzunu düzgün tənzimləydiyinə görə qadınlar üçün verilən qızıl və ya gümüş hədiyyədir.
Ölkə.Az xəbər verir ki, duz haqqı mövzusundan ölkəmizdə çox adam xəbərsizdir.
Bəs dinimizdə “duz haqqı” varmı?
Mövzu ilə bağlı Ölkə.Az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli məsələyə aydınlıq gətirib:
“Əvvəla onu qeyd etmək lazımdır ki, istər qadın, istərsə də kişi olsun, əgər aşpazdırsa, yemək bişirirsə, yeməyə nə qədər duz tökməli olduğunu bilir. O, dadmasa da, nə qədər duz lazım olduğunu təsbit edir. Amma dadmaq məsələsinə gəldikdə, dadmaq başqadır, yemək başqa. Yeməyin dadına baxmaqla qadın və ya kişinin orucu pozulmaz.
Buna görə yemək bişirənə qızıl və ya gümüş hədiyyə verilməsinin dinlə yaxından-uzaqdan əlaqəsi yoxdur. Türkiyədə və ya başqa ölkələrdə kimsə bunu edə bilər, amma dini məsuliyyəti yoxdur”.
Billurə Yunus