ain.az bildirir, Modern.az saytına əsaslanaraq.
Qardaş Türkiyə tarixiliyi, zəngin keçmişi ilə diqqət çəkir. Bu ölkənin hər daşı, hər nəfəsi bir tarixdir. Türkiyə tarixiliklə müasirliyi ən yüksək səviyyədə birləşdirməyi və sahib olduqlarını yaşatmağı bacaran ölkələrdəndir.
Qardaş ölkəyə hər səfərimizdə onun sehrindən, möcüzələrindən valeh olursan.Türkiyənin imkanlarının dünyada tanıdılmasında böyük əməyi olan Mədəniyyət və Turizm Nazirliyi və Turizm Tanıtım və İnkişaf Agentliyinin (TGA) “GoTürkiye” platforması çərçivəsində növbəti səfərimiz də zəngin təəssüratlarla yadda qaldı.Türkdilli ölkələrdən olan jurnalistlərin iştirakı ilə Ramazan ayında İstanbul-Bursa səfər proqramı çərçivəsində İstanbulun mərkəz məkanlarından olan Taksim meydanında, Qalata küçəsində olduq, Pierre Loti təpəsinə baş çəkdik. Bu təpənin mənzərəsi möhtəşəmdir və o, fransız şairi və komandiri Pierre Lotinin şərəfinə adlandırılıb. Pierre Loti həyatının bir neçə ilini Istanbul şəhərində keçirib. Təpə, paradoksal olaraq, qəbiristanlıq kimi istifadə edilir, lakin qəbiristanlığın görünüşü belə müəyyən mənada xoş təsir bağışlayır. Biz təpəyə kanatla qalxdıq. Yuxarıdan şəhərin qədim Avropa hissəsinin mənzərəsi insanı valeh edir.Sultan Əhməd Camisinin yanından keçərək Sultan Eyyub və Ayasofya camilərini də ziyarət etdik. Camidə bu müqədfəs ayda dualarımızı etdik, diləklərimizi dilədik.
Əsrlərin susmayan yaddaşı - Ayasofya
Tikililər var ki, əsrlərin şahidi, imperiyaların susmayan yaddaşı, sivilizasiyaların kəsişmə nöqtəsidir. Ayasofya məhz belə bir möcüzədir.
İlk dəfə xristian məbədi kimi inşa edilən Ayasofya, Şərqi Roma - Bizans İmperiyası dövründə imperatorların tacqoyma mərasimlərinə ev sahibliyi edib. Tarix boyu baş verən xalq üsyanları nəticəsində əvvəlki tikili dağıdılıb və daha sonra yenidən, daha möhtəşəm şəkildə inşa olunub.
Bu gün gördüyümüz möhtəşəm bina VI əsrdə imperator I Yustinianın dövründə ucaldılıb və o zaman üçün memarlıq möcüzəsi sayılıb. 55,60 metr hündürlüyündə, 31,36 metr enində olan nəhəng qübbə 40 dirəyə söykənir. Ümumilikdə isə abidənin ağırlığını 40-ı aşağıda, 67-si yuxarıda olmaqla 107 sütun daşıyır. Qübbənin 40 pəncərəsindən süzülən işıq içəriyə ilahi bir aydınlıq bəxş edir — sanki səma yerə enir.
Fəthin simvoluna çevrilən tarixi abidə
1453-cü ildə İstanbul fəth edildikdən sonra II Mehmedin əmri ilə Ayasofya məscidə çevrilir. Bu dəyişiklik təkcə dini deyil, həm də siyasi və mədəni bir dönüş nöqtəsi idi. Ayasofya 481 il boyunca məscid kimi fəaliyyət göstərir və Osmanlı memarlığına əlavə olunan minarələr, mehrab və digər elementlərlə yeni kimlik qazanır.
XX əsrin 30-cu illərində aparılan bərpa işləri zamanı məbəd ibadətə bağlanır. 24 noyabr 1934-cü ildə Nazirlər Şurasının qərarı ilə muzey statusu alır və uzun illər dünyanın hər yerindən gələn milyonlarla ziyarətçini qəbul edir.
Bəşər tarixinin ortaq mirası
2020-ci ildən etibarən Ayasofya yenidən məscid kimi ibadətə açılır. Bu hadisə təkcə Türkiyədə deyil, bütün dünyada geniş rezonans doğurur. Çünki Ayasofya yalnız bir ibadət məkanı deyil — o, bəşər tarixinin ortaq mirasıdır.
Məhz bu səbəbdən Türkiyəyə səfər edən hər kəs Ayasofyanı ziyarət etmək istəyir. Hər gün yüzlərlə xarici turist bura daxil olur.
Ayasofyaya daxil olanda insan özünü zamanın içində hiss edir. Bir tərəfdə xristian mozaikaları, digər tərəfdə islam xəttatlıq nümunələri… Divarlarda iki böyük sivilizasiyanın izləri yanaşı dayanır. Bu bina dinlərin, mədəniyyətlərin və imperiyaların üst-üstə yazılmış tarixidir.Böyük Ayasofya Məscidi bu gün də milyonların maraq dairəsindədir. Təkcə müsəlmanlar deyil, müxtəlif dinlərdən və ölkələrdən olan insanlar bu məkana gəlir — görmək, hiss etmək, anlamaq üçün.
Ayasofya sadəcə ziyarət edilən bir yer deyil. O, insanı susdurur, düşündürür və heyrətləndirir.
İstanbula gedib Ayasofyanın qarşısında dayananda anlayırsan ki, bəzi abidələr tarix danışmır — tarix özü onların içində yaşayır.





Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.