İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyeva etdiyi telefon zəngi regionda diqqətlə izlənilən hadisələrdən birinə çevrilib. Son dövrlər iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində müəyyən addımların atılması, nəqliyyat və hava əlaqələrinin bərpası fonunda bu telefon danışığı xüsusi diqqət çəkir. Ekspertlər hesab edir ki, bu cür təmaslar Bakı ilə Tehran arasında gərginliyin azaldılması və münasibətlərin yeni mərhələyə keçməsi baxımından mühüm siqnal ola bilər.
Bəs Pezeşkianın bu zəngi Azərbaycan–İran münasibətlərində nəyi dəyişə bilər və niyə məhz indi edildi?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev KONKRET.az-a açıqlamasında bildirib ki, zəngin vaxtı təsadüfi deyil. Onun sözlərinə görə, görünür ki, Pezeşkian əvvəlcə ölkədə ali dini rəhbərlə bağlı məsələnin dəqiqləşməsini gözləyib və bundan sonra Azərbaycan rəhbəri ilə əlaqə saxlayıb.

Politoloq hesab edir ki, bu addım iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımların davamı kimi qiymətləndirilə bilər.
“Ali dini rəhbərlə bağlı məsələ dəqiqləşdikdən sonra Azərbaycan rəhbərinə zəng edildi və münasibətlərin düzəldilməsi istiqamətində addımlar atıldı. Artıq Naxçıvana hava uçuşları bərpa olunub. Eyni zamanda Azərbaycan və İran arasında bütün növ nəqliyyat vasitələri ilə yüklərin daşınması da yenidən bərpa edilib. Bu da münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımların atıldığını göstərir”, – deyə o, bildirib.
Z.Əmrəliyev qeyd edib ki, münasibətlərin tam bərpası üçün rəsmi Tehranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi də vacibdir.
“İran tərəfi Naxçıvan istiqamətində düşən dronlarla bağlı araşdırma aparacağına söz verib və nəticələr barədə Azərbaycanı məlumatlandırmalıdır.
Bu araşdırma qısa müddətdə yekunlaşdırılmalı və məsul şəxslər cəzalandırılmalıdır”.
Ekspert əlavə edib ki, əvvəlki rəhbərlik dövründə İran daxilində bəzi şəxslər tərəfindən Azərbaycana qarşı xoşagəlməz açıqlamalar səsləndirilirdi. Onun fikrincə, əgər İran Azərbaycanla münasibətləri qorumaqda maraqlıdırsa, yeni rəhbərlik dövründə bu cür açıqlamaların qarşısı alınmalıdır.
Müşviq Tofiqoğlu
KONKRET.az