
Avropada təbii qazın qiyməti qlobal tədarüklə bağlı narahatlıqların dərinləşməsi ilə həftəyə 28,5% artımla başlayıb.
AFN.az xəbər verir ki, ABŞ və İsrailin İrana birgə hücumlarından sonra strateji əhəmiyyət kəsb edən Hörmüz boğazında hərəkətin dayanma nöqtəsinə gəlməsi bazarda kəskin bahalaşmaya səbəb olub.
Qiymət artımına təsir edən əsas amillər aşağıdakılardır:
Hörmüz boğazı: Ticarət gəmilərinin hərəkətinin demək olar ki, tamamilə dayanması;
"Qatar Energy": LNG zavodunda istehsalın dayandırılması;
Anbar səviyyəsi: Avropanın qaz anbarlarında doluluq səviyyəsinin 30%-dən aşağı düşməsi.
Hollandiya mərkəzli virtual təbii qaz ticarət nöqtəsi olan TTF-də aprel ayı üçün müqavilələrin qiyməti bir həftə ərzində 67% artaraq bir meqavat-saat üçün 53,4 avroya qədər yüksəlmişdi. Lakin bu gün Bakı vaxtı ilə saat 11:00 radələrində qiymətlər 68,5 avroya qədər sıçrayıb.
Qeyd edək ki, dünya üzrə LNG ixracının təxminən 20%-i Hörmüz boğazı vasitəsilə həyata keçirilir. Ən böyük ixracatçılardan olan Qətərin tədarükünün 93%-i məhz bu yoldan keçir. 7 mart tarixinə olan məlumata görə, bölgədən neft və ya LNG daşınması tamamilə dayanıb.