ain.az, GlobalInfo saytına istinadən bildirir.
Ramazan ayının fəzilətlərindən biri də Qədr gecəsidir. Bəs bu gecənin mahiyyəti, əhəmiyyəti nədir?
Globalinfo.az-a danışan Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, ilahiyyatçı Rüfət Qarayev bildirib ki, Qədr gecəsi ilə bağlı Qurani-Kərimdə xüsusi bir surə – “Qədr” surəsi mövcuddur:
“Uca Rəbbimiz buyurur ki, Biz onu Qədr gecəsində nazil etdik. Bu ayə Qurani-Kərimin nazil olduğu gecəyə işarə edir və Allah Rəsulu da insanlara Qədr gecəsinin əhəmiyyətini belə öyrədir: Qədr gecəsi min aydan daha xeyirlidir. Bu gecəni “əhya etmək” – yəni oyaq qalmaq, ibadət və dualarla Allah qarşısında durmaq vacibdir. Qədr gecəsi Ramazan ayının son on gecəsində axtarılır. Əgər bu gecə konkret bir tarixdə olsaydı, insanlar onu müəyyən edib ibadət edərdilər. Lakin məqsəd budur ki, Ramazanın son on gecəsinin hər biri Qədr gecəsi kimi yaşansın, hər bir gecəyə xüsusi diqqət yetirilsin. Əgər insan həmin gecəni əhya etsə, 83–84 ilin savabını əldə etmiş olar”.
Rüfət Qarayevin sözlərinə görə, Allah Rəsulunun və imamların həyatına baxdıqda görürük ki, onlar da Ramazanın son on gecəsində dualara, ibadətə və Allaha yönəlməyə xüsusi önəm veriblər:
“Həqiqətən, bir dəfə Qədr gecəsini əhya etmək böyük savab və mükafat gətirir. O gecə insanın müqəddəratı müəyyən olunur, ömrü, ruzisi və Allah yanında dəyəri təqdir edilir. Beləliklə, Qədr gecəsinə göstərilən diqqət və ibadət Allah qatında böyük qiymət və dəyər qazandırır”.
Zaira Akifqızı
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.