AZ

İkinci əl "iPhone" alarkən bunlara diqqət edin

Bəzi insanlar ikinci əl iPhone almağa üstünlük verirlər. Bu, istənilən modeli daha münasib qiymətə əldə etməyə imkan yaradır. Lakin belə telefonları alarkən diqqətli olmaq və bəzi vacib məqamları mütləq nəzərdən keçirmək lazımdır. Elektronika üzrə mütəxəssis Anar Məmmədov Metbuat.az-a açıqlamasında bildirib ki, ikinci əl "iPhone" alarkən cihazın vəziyyətini diqqətlə yoxlamaq çox vacibdir. Bunun üçün bir neçə əsas məqama diqqət yetirilməlidir: "İlk növbədə telefonda texniki müdaxilə olub-olmadığını yoxlamaq lazımdır. Yəni cihazın iç hissələrinin dəyişdirilməsi və ya qeyri-rəsmi təmir olunması gələcəkdə problemlər yarada bilər. Daha sonra ekranın dəyişdirilib-dəyişdirilmədiyini yoxlamaq vacibdir. Orijinal ekran telefonun görüntü keyfiyyətini və sensorun düzgün işləməsini təmin edir. Eyni şəkildə batareyanın dəyişdirilməməsi də üstünlük təşkil edir. Batareyanın sağlamlıq səviyyəsi (Battery Health) isə 80%-dən aşağı olmamalıdır".Mütəxəssisin sözlərinə görə, növbəti mərhələdə kameralar yoxlanmalıdır:"Bunun üçün arxa kamerada portret rejiminin işləməsi test edilməlidir. Daha sonra ön kameranın portret rejimi də yoxlanmalıdır ki, kamerada hər hansı problem olmadığına əmin olunsun. Sonda isə telefonun arxa şüşəsi diqqətlə yoxlanmalıdır. "iPhone" modellərinin çoxunda arxa hissə şüşədən hazırlanır və dəyişdirildikdə keyfiyyət fərqi hiss oluna bilər. Buna görə də arxa şüşənin orijinal və dəyişdirilməmiş olması vacibdir".

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
118
8
metbuat.az

10Mənbələr