Bəzən insan ömründə elə zamanlar olur ki, sözün çəkisi ağırlaşır, məsuliyyəti isə ikiqat artır. Bu gün də elə bir dövrdən keçirik. Bölgəmiz yenə narahat, yenə gərgindir. Yaxın Şərqdə alovlanan müharibə artıq təkcə iki dövlətin qarşıdurması deyil. Bu savaşın dalğaları bütün müsəlman coğrafiyasını silkələyir və onun səsi Türkiyənin də, Azərbaycanın da sərhədlərinə qədər gəlib çatır.
Müharibənin meydanı uzaq görünə bilər, amma onun kölgəsi bizim yaşadığımız torpaqlara düşür. Ona görə də bu hadisələrə baxanda insanın ürəyi sıxılır. Çünki biz bu coğrafiyada müharibənin nə demək olduğunu yaxşı bilirik.
Bu torpaqlar çox göz yaşı görüb. Çox analar gözü yaşlı, gəlinlər başıduvaqlı qalıb.
Elə buna görə də insan istəyir ki, ağıl, sülh qalib gəlsin. Ölkələrin taleyi hərisliklə deyil, dövlət ağlı ilə həll olunsun. Şükür ki, bu gün həm Türkiyədə, həm Azərbaycanda dövlət başında olan insanlar hadisələrə məhz belə yanaşırlar. Hər addım ölçülür, hər qərar düşünülür. Çünki bir yanlış addım bütün regionu daha böyük bir fəlakətin içinə sürükləyə bilər.
Amma bir həqiqəti də unutmaq olmaz.
Müharibələr təkcə cəbhədə getmir. Bəzən müharibə sözlərlə, bəzən də fitnə ilə aparılır.
Bu gün açıq görünür ki, bəzi qüvvələr Türkiyə ilə Azərbaycanı bu böyük qarşıdurmanın içinə çəkmək istəyirlər. Onlar yaxşı bilirlər ki, bu iki dövlət bir yerdə olanda regionda çox şey dəyişir. Şuşada dalğalanan iki qardaş bayraq bunun ən bariz nümunəsidir. Ona görə də ilk növbədə bu qardaşlığın arasına şübhə salmağa çalışırlar.
Halbuki Türkiyə ilə Azərbaycanın münasibəti sadəcə siyasi münasibət deyil. Bu bir millətin taleyi, qədər ortaqlığıdır.
“Bir millət, iki dövlət” ifadəsi sadəcə gözəl bir cümlə deyil. Bu, tarixin çox ağır sınaqlarından keçmiş bir həqiqətdir. Qarabağ müharibəsi zamanı bunu bütün dünya gördü. Türkiyə Azərbaycanın yanında dayandı. Azərbaycanın haqq səsini dünyaya çatdırdı. O gün dünya bir daha gördü ki, bu qardaşlıq kağız üzərində qalan şüar deyil.
Bu gün də Türkiyə Azərbaycanın ən güclü siyasi və mənəvi dayaqlarından biridir. Elə Azərbaycan da Türkiyənin hər anında yanındadır.
Təəssüf ki, qardaşlığımız və ən yüksək strateji ortaqlığımız çoxuna gözdağıdır. Bəzən elə adamlar ortaya çıxır ki, sanki bütün dərdləri Türkiyə ilə Azərbaycan münasibətləridir. Halbuki həmin insanların bu qardaşlığın möhkəmlənməsi üçün bir dəfə də olsa daş üstünə daş qoyduğunu görməmişik.
Bəziləri lazımsız açıqlamalar verir, bəziləri isə sözlərlə odun üstünə benzin tökməyə çalışır. Sanki məqsəd həqiqəti demək deyil, qardaşların arasına fitnə salmaqdır.
Bu münasibətlərin qorunmasına ömrünü vermiş bir insan kimi illərin içindən baxanda bir həqiqəti çox yaxşı görürəm: qardaşlıq çox çətin qurulur, amma onu pozmaq istəyənlər həmişə çox olur.
Yaxşı yadımdadır, FETÖ-nün Türkiyədə at oynatdığı illərdə “erməni açılımı” nağılı ilə iki ölkəni bir-biri ilə düşmən etmək istəyirdilər. Bursada bayraq krizi yaradıb, buradakı rusbeyinlilərin Bakıda yatan Nuri Paşa əsgərlərinin üzərindəki bayraqlarımıza əl uzatmaları üçün pas atmışdılar. O zaman da biz fitnənin önündə dayandıq və o gün FETÖ killerliyi edib, bu gün indiki türk iqtidarına yaltaqlananlardan biri mənim haqqımda “Qarabağ bəhanə, ETÖ şahanə” yazaraq, bizi uydurduqları “Ergenekon” Terror Təşkilatının Azərbaycan ayağı olaraq təqdim edirdilər. Biz o zaman da bu gün də eyni mövqedəyik: Türkiyə ilə Azərbaycan ətlə dırnaqdır, bunların arasına girən mütləq irinləyib çölə atılar. Necəki FETÖ layiq olduğu bu taleyi yaşadı, simpatizanları bu gün başqa maskayla bu qardaşlığı baltalasalar belə.
Qısacası, bu gün söz deyən hər kəs bir az dayanıb düşünməlidir. Bizim sözümüz, fikrimiz kimə xidmət edir? Qardaşlığa, yoxsa fitnəyə?
Türkiyə ilə Azərbaycan arasında bu günə qədər qurulan bağ sadə bağ deyil. Bu bağ tarixdən gəlir, qan yaddaşından gəlir. Bu bağ Çanaqqalədən, Qarabağdan, Gəncədən, Bakıdan gəlir.
Bu bağın arasında nifaq salmaq istəyənlər həmişə olacaq. Amma unutmamalıyıq ki, qardaşlığın kökü çox dərindədir.
Bu gün bizə düşən ən böyük vəzifə ayıq olmaqdır. Sözümüzə də, mövqeyimizə də sahib çıxmaqdır. Qardaşı qardaşa qarşı qoymaq istəyənlərin oyununa gəlməməkdir.
Çünki tarix bir şeyi çox aydın göstərib:
Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq nə sosial şəbəkə sözləri ilə qurulub, nə də bir neçə təxribatla sarsılacaq qədər zəifdir.
Bu qardaşlıq Çanaqqalədə şəhid olan azərbaycanlıların qanı ilə yazılıb.
Bu qardaşlıq Qarabağda dalğalanan iki bayraqla möhürlənib.
Ustad Bəxtiyar Vahabzadənin dediyi kimi,
Bir ananın iki oğlu
Bir ağacın iki qolu
O da ulu, bu da ulu
Azərbaycan-Türkiyə.
Tənzilə Rüstəmxanlı
Azərbaycan millət vəkili