"Football-plus.az" xatırladır ki, ötən ilin iyulunda bu prosesə start verən klub təcrübəli mütəxəssis Filip Şarplesin rəhbərlik etdiyi şirkətlə anlaşmaya əsasən stadiona həm drenaj və suvarma sistemi quraşdırdı, həm də müasir standartlara cavab verən təbii ot örtüyü saldı.
O vaxt işlərin oktyabr ayının sonuna kimi tamamlanması nəzərdə tutulurdu ki, noyabrın 2-də 10-cu turun “Turan Tovuz” – “Şamaxı” matçı Tovuz şəhər stadionunda keçirildi.“Bozqurd” bu qarşılaşmaya qədər ev oyunlarını Suraxanıda – “Azərsun Arena”da keçirmişdi. Məhz “şirlər”lə görüş Kurban Berdıyevin komandasının ciddi problemlərlə üzləşəcəyi günün başlanğıcı oldu. Çünki yeni salınan təbii qazonun ilk matçdan etibarən sıradan çıxmağa başladığını gördük.
Kəsəsi, “bozqurd” oyundan-oyuna yararsız hala düşən yeni və təbii ot örtüyündə cəmi iki matç keçirə bildi. Odu ki, tovuzlular yanvardan etibarən yenidən doğma şəhərdən uzaq düşdü. Bundan sonra, premyer-liqanın 17-ci turunda “Sumqayıt”a qarşı ev oyununu rəqibin meydanında – “Mehdi Hüseynzadə”də keçirməli olan komandanın növbəti ev matçlarını “Azərsun Arena”da keçirəcəyi açıqlandı.
PFL-in bununla bağlı açıqalamasında bildirildi ki, Tovuz şəhər stadionunda aparılan bütün bərpa və baxım işlərinə baxmayaraq, bölgədə müşahidə olunan yağıntılı və qeyri-sabit hava şəraiti səbəbindən arenanın ot örtüyünü oyunların keçirilməsi üçün hazır vəziyyətə gətirmək mümkün olmayıb. Həmçinin, əlavə edildi ki, komandanın Tovuza qayıdışı martın 21-də “Qəbələ”yə qarşı keçiriləcək 25-ci tur oyununa planlaşdırılır.
İş ondadı ki, sözügedən qarşılaşmadan əvvəl PFL-in işçi qrupunun iştirakı ilə stadionda test xarakterli oyun keçiriləcək. Test oyunu zamanı aparılacaq müşahidələrin nəticələrinə əsasən stadionla bağlı yekun qərar veriləcək və növbəti addımlar atılacaq.
Artıq PFL-in saytında 25-ci turun oyun cədvəli açıqlanıb. Maraqlıdı ki, “Turan Tovuz” – “Qəbələ” oyununun harda keçiriləcəyi göstərilməyib. Bunun səbəbi nədi? Tovuz stadionunun oyun gününə qədər hazır vəziyyətə gətirilib-gətirilməyəcəyi niyə dəqiqləşməyib? Son günlərdə idman qurğusuna baxış keçirilibmi?
Bu sualları PFL-in Media və Marketinq direktoru Sənan Abdullayevə ünvanladıq:
“Tovuz şəhər stadionu ilə bağlı vəziyyət tam nəzarətimizdədi. Klubla daim əlaqədəyik. Hazırda konkret söz demək mümkün deyil. Yeni xəbər olan kimi məlumat verəcəyik”.
Göründüyü kimi, stadionun taleyi hələ də qeyri-müəyyəndi. Gözləmək lazımdı ki, biz də gözləyəcəyik. Bəs, futbolsevər Tovuz camaatının buna səbri çatacaqmı? Qarşıdan isə Novruz bayramı gəlir...
KƏNAN BAHADIR