AZ

“Çətin durumdayıq...” - amma bölgə təmsilçisi təslim olmaq istəmir

2-ci liqada mübarizə aparan “Şəki” 16-cı turda gözlənilmədən “Ağdaş”a böyük hesabla uduzdu. Qışda heyətinin böyük hissəsini, baş məşqçisini və ev oyunlarını keçirdiyi stadionu - şəhəri dəyişən “Şəki”nin Aran təmsilçisinə 1:4 hesabıyla məğlub olması sensasiya kimi qarşılandı.

Bəs nə baş verdi ki, artıq 3-cü dəqiqədə irəli çıxan “Şəki” sonda “Ağdaş”a belə biabırçı hesabla məğlub oldu? Məğlubiyyətin günahkarı kimdi, komandanın bu mövsün üçün qarşısına qoyulan hədəf nədi?

Suallarımıza “halvaçılar”ın baş məşqçisi Firuddin Mövsümov cavab verdi:

“Çox təəssüf ki, böyük hesabla məğlub olduq. Ötən turla müqayisədə müdafiə xəttində cəza və zədə səbəbindən iki oyunçumuz yox idi. Müdafiədə gənc oyunçulara start heyətində şans verdik, onlar da özlərini doğrultmadı. Oyuna yaxşı başlayıb qol vursaq da, sonradan müdafiədə buraxdığımız səhvlər belə məğlubiyyətə gətirib çıxardı. Ümumilikdə çətin durumdayıq, istədiyimiz heyəti formalaşdıra bilməmişik. Qış “transfer pəncərəsi”ndə, sadəcə, 9 oyunçu dəvət edə bilərdik. Ümumi büdcəni nəzərə alaraq belə davam etdik. Futbolçular öz formalarından çox uzaqdılar, fiziki durumları aşağı səviyyədədi. Demək olar ki, hamısı məşqsizdi. Amma onların qısa zamanda formalarını bərpa edib, komandanın köməyinə çatacağına ümid edirik. Təslim olmayacağıq, sona qədər mübarizə aparacağıq. Qarşıma konkret hədəf qoyulmayıb, amma bir məşqçi kimi öz qarşıma hədəf qoymuşam ki, ən azı olduğumuz yeri qoruyaq. Rəhbərlik və mən belə vəziyyətdə futbolçuların üstünə gedə bilmərik. Lakin komandada olan futbolçuların potensialına bələdəm, oyundan sonra da özlərinə bildirdim ki, belə məğlubiyyətə layiq deyillər. İnşallah, toparlanıb yaxşı nəticələr qazanacağıq - buna inanıram. Oyundan dərhal sonra futbolçuların çox məyus olduğunu gördüm və onlara yanlarında olduğumu, birlikdə bu vəziyyətdən çıxacağımızı söylədim”.

Qeyd edək ki, “halvaçılar” hazırda 26 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Amma “Şəmkir”lə “Şirvan” da eyni xala malikdi.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
109
1
football-plus.az

2Mənbələr