AZ

Tramp İranda məktəbə zərbə ilə bağlı istintaqın nəticələrini qəbul edəcəyini bildirib

BAKI, 10 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranda qızlar üçün ibtidai məktəbə endirilən zərbə ilə bağlı aparılan istintaqın istənilən nəticəsini qəbul edəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Tramp Florida ştatının Doral şəhərində keçirilən mətbuat konfransında danışıb.

ABŞ lideri bildirib ki, hadisə ilə bağlı istintaqın yekun nəticələrini hələ görməyib. O qeyd edib ki, bəzi KİV-lərin məlumatına görə, hücum zamanı istifadə oluna biləcək “Tomahawk” qanadlı raketləri təkcə ABŞ tərəfindən deyil, digər ölkələr tərəfindən də tətbiq olunur.

Trampın sözlərinə görə, həmin raketlər İrana və ya bu silaha sahib olan başqa ölkələr tərəfindən də istifadə edilmiş ola bilər.

“Mən bu məsələ barədə kifayət qədər məlumata malik deyiləm. “Tomahawk” raketləri bir çox ölkə tərəfindən istifadə olunur, onlar bu raketləri bizdən alırlar. Lakin istintaq hansı nəticəyə gəlsə, mən onu qəbul edəcəyəm”, - deyə ABŞ prezidenti bildirib.

Bundan əvvəl CNN telekanalı ekspertlərin qiymətləndirmələrinə istinadən bildirmişdi ki, İranın cənubunda yerləşən məktəbə zərbə ABŞ Silahlı Qüvvələri tərəfindən “Tomahawk” qanadlı raketi ilə endirilmiş ola bilər. CBS News isə hücumun köhnəlmiş kəşfiyyat məlumatlarına əsaslanaraq həyata keçirilə biləcəyini qeyd etmişdi.

ABŞ müdafiə naziri Pit Heqset martın 4-də Pentaqonun məktəbə zərbə ilə bağlı hadisənin bütün şəraitini araşdırdığını açıqlayıb.

Seçilən
47
teleqraf.com

1Mənbələr