AZ

Bakıya qeyri adi yağış yağacaq? Əhalinin NƏZƏRİNƏ

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Tehrandakı neft anbarlarında baş verən partlayışlar nəticəsində atmosferə təhlükəli kimyəvi maddələr yayılıb. Mütəxəssislər bildiriblər ki, bu cür partlayışlar və yanğınlar havaya böyük miqdarda karbohidrogen birləşmələri, həmçinin kükürd və azot oksidləri buraxır. Bu maddələr sonradan turşu yağışlarının yaranmasına səbəb ola bilər.

Bu hadisə regionda humanitar böhrana və ya iqlim dəyişikliyinə səbəb ola bilərmi?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, ekspert Akif Nəsirli deyib ki, partlayışlardan sonra insanların açıq havada olması risk yarada bilər:

“Bu tip hadisələr qısa müddətdə lokal humanitar problemlərə səbəb olur. Məsələn, əhali arasında tənəffüs problemləri, su mənbələrinin çirklənməsi, kənd təsərrüfatına ziyan və bəzi ərazilərdə müvəqqəti köçürülmə ehtiyacının yaranması mümkündür. Əgər yanğınlar uzun müddət davam edərsə və kimyəvi maddələrin konsentrasiyası yüksək qalarsa, bu vəziyyət müəyyən regionlarda humanitar böhran riskini artıra bilər. Bununla belə, təkcə neft anbarlarının partlaması adətən ölkə miqyasında geniş humanitar fəlakət yaratmır, bu daha çox lokal ekoloji və sağlamlıq problemləri yaradır”.

Ekspert bildirib ki, İrandakı nüvə obyektlərinin zərərsizləşdirilməsi fərqli risklər daşıyır:

“Belə obyektlərə zərbə nəticəsində reaktorlar və ya nüvə materiallarının saxlanıldığı yerlər zədələnərsə, radioaktiv maddələrin sızması ehtimalı yaranır. Bu halda hava, torpaq və su radioaktiv çirklənməyə məruz qala bilər. Bunun təsiri yalnız bir şəhərlə məhdudlaşmayacaq. Buna görə də beynəlxalq səviyyədə nüvə obyektlərinə qarşı hərbi əməliyyatlar çox riskli hesab olunur və ciddi təhlükəsizlik tədbirləri tələb edir.

Nəticə etibarilə, neft anbarlarında baş verən partlayışlar əsasən kimyəvi çirklənmə və turşu yağışı kimi ekoloji təhlükələr yarada bilər. Bu da öz növbəsində müəyyən humanitar problemlərin yaranması üçün başlıca səbəbdir. Nüvə obyektlərinin zərərsizləşdirilməsi isə potensial olaraq daha böyük və uzunmüddətli təhlükələr riski daşıyır”.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
71
globalinfo.az

1Mənbələr