
"Böyük Yeddilik" (G7) ölkələrinin energetika nazirləri martın 10-da növbəti onlayn görüş keçirməyi planlaşdırırlar.
AFN.az "Kyodo" agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiya maliyyə naziri Satski Katayama jurnalistlərə məlumat verib. Görüşün əsas məqsədi enerji resurslarının qiymətlərindəki kəskin dalğalanmalar fonunda strateji neft ehtiyatlarının koordinasiyalı şəkildə istifadəyə verilməsi imkanlarını müzakirə etməkdir.
Energetika idarələri rəhbərlərinin danışıqları martın 10-da gün ərzində baş tuta bilər. Qeyd edək ki, G7 nazirləri artıq martın 9-da bu məsələ ilə bağlı bir araya gəliblər və tərəflər qlobal enerji tədarükünü dəstəkləmək üçün zəruri tədbirlərin görülməsi barədə razılaşıblar.
Hazırda bazarlarda yüksək qeyri-sabitlik hökm sürür; Londonun ICE birjasında Brent markalı neftin qiyməti 119 dollarlıq zirvə nöqtəsindən cəmi bir sutka sonra 90 dollardan aşağı düşüb. Beynəlxalq Enerji Agentliyi (IEA) də prosesə cəlb olunaraq üzv ölkələri ehtiyatların bir hissəsini bazara çıxarmağa çağırıb.