AZ

İşçiləri əmək müqaviləsi bağlamadan işlədən şirkət rəhbərinə elektron qolbaq taxıldı

Quba Rayon Məhkəməsində əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsində və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Nağı Baxışzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) növündə cəza təyin edilib.

 

İttihama görə, Nağı Baxışzadə 01 iyul 2019-cu il tarixindən etibarən MMC-lərdən birində direktoru vəzifəsində işləyərək şirkətin qanuni təmsilçisi və rəhbəri kimi fəaliyyət göstərib. O, vəzifəli şəxs qismində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya rəhbərlik etdiyi MMC üçün qanunsuz maddi üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməkdə ittiham olunur.

 

Belə ki, təqsirləndirilən şəxs vahid niyyətlə 2019-cu ilin iyul ayından 2023-cü ilin noyabr ayınadək olan müddət ərzində Əmək Məcəlləsinin tələblərini pozaraq 41 zərərçəkmişi traktorçu və sürücü, habelə müxtəlif vəzifələrdə əmək müqaviləsi bağlamadan işlədib. Həmin işçilər qanunvericiliklə müəyyən olunmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən həmin kommersiya təşkilatına məxsus Quba rayonu, Dəlləkli kəndində yerləşən MMC-nin inzibati binasında və bağ sahələrində işlərin görülməsinə cəlb olunub.

 

Nəticədə zərərçəkmişlər Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş əmək hüquqları və qanuni mənafeləri pozulub. Belə ki, işçilər qanunvericilikdə nəzərdə tutulan pensiya təminatından, minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən, müvafiq hallarda əlavə, sosial, ödənişsiz və təhsil məzuniyyətlərindən istifadə etmək, işəgötürən tərəfindən məcburi sosial sığorta olunmaq, dövlət təminatı almaq, eləcə də sağlam və təhlükəsiz əmək şəraitində işləmək kimi hüquqlardan məhrum edilib.

 

Bununla yanaşı, əmək münasibətlərinin qorunması sahəsində dövlətin qanunla qorunan mənafelərinə də zərər vurulub. Hesablamalara əsasən, qeyd olunan qanunsuz hərəkətlər nəticəsində 14 877,90 manat məbləğində mühüm zərər yaranıb.

 

Beləliklə, Nağı Baxışzadənin bu hərəkətləri Cinayət Məcəlləsinin 162-1.1-ci (əmək müqaviləsi bağlamadan xeyli sayda işçilərin işlərə cəlb edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə nəzərdə tutulmuş cinayət əməlləri kimi qiymətləndirilib.

 

Məhkəmə cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən halları araşdıraraq Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə iclaslarının protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib. Toplanmış sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verən məhkəmə belə nəticəyə gəlib ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi mövcuddur və onun törətdiyi əməl düzgün olaraq Cinayət Məcəlləsinin 162-1.1 və 308.1-ci maddələri ilə tövsif olunub.

 

Kamal Məmmədov

 

 

Tarix: 10 Mart 2026, 08:08   
Seçilən
40
pravda.az

1Mənbələr