AZ

Tehrana yağan “qara yağış” Azərbaycana da təsir göstərəcək – AÇIQLAMA

Sosial şəbəkələrdə İranın paytaxtı Tehran şəhərinə “qara yağış”ın yağması ilə bağlı video görüntülər paylaşılıb. Mütəxəssislər bildirirlər ki, zəhərli yağışlar ekoloji fəlakətlə yanaşı, ağır xəstəliklər də yaradacaq.

 

Bəs çirkli hava şəraiti Azərbaycana təsir göstərə bilərmi?

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən ekoloq Qorxmaz İbrahimlinin sözlərinə görə, Yaxın və Orta Şərqdə baş verən hər bir hadisə Azərbaycana mütləq təsir edəcək, çünki eyni coğrafiyada yerləşir:

Qorxmaz

“İranda baş verən müharibə, istifadə edilən silahların nəticəsində yaranan ekoloji problemlər mütləq Azərbaycana təsir göstərəcək. Cənub və cənub-şərq, cənub-qərb küləkləri o havanı Azərbaycan ərazisinə gətirir. Bu, bir aksiomadır. Hazırda Tehranda yağan “qara yağışlar”ın səbəbi bəllidir. Orada yanacaq depolarının, anbarlarının vurulması nəticəsində Tehranın üzərini qara dumanlar örtüb. Ancaq bunlar tək həmin ərazi ilə yekunlaşmayacaq. Həmin karbonhidrogen qarışığı havada çirklənmə yaratmaqla yanaşı insanların vücudlarına, tənəffüs orqanlarına zərər verir. Qeyd edim ki, Tehran özü dünyanın ən çirkli şəhərlərindən biri idi. Amerika, İsrailin hərbi hücumları nəticəsində daha da çirklənib. Təsiri Azərbaycan ərazisi ilə yanaşı Şimali Qafqaza kimi gedib çıxa biləcək. Hər hansısa qorunma üsulu isə yoxdur. Qorunmaq, qarşısını almaq üçün sadəcə müharibələr dayandırılmalıdır. Müharibələri də dayandıran yoxdur. Çünki güclü olana kimsə etiraz edə bilmir. Bu çirklilik də paralel olaraq mütləq şəkildə xəstəliklər yaradacaq. Dəri xəstəlikləri ilə yanaşı tənəffüs yolu, ağciyər xəstəlikləri də yarana bilər. Orada radioaktiv zəhərlənmə başlasa, o da bizim ərazimizə gəlib çıxacaq və olduqca təhlükəlidir. Nəzərə alsaq ki, bu şübhələr də var...”

 

Şəhanə Quliyeva

Tarix: 10 Mart 2026, 08:09   
Seçilən
63
pravda.az

1Mənbələr