AZ

“The Times”: “Çelsi”nin satışından əldə olunan vəsaitin müsadirəsi üçün hüquqi əsas yoxdur

BAKI, 10 mart. TELEQRAF

Böyük Britaniya hökumətinin rusiyalı iş adamı Roman Abramoviçin İngiltərənin “Çelsi” futbol klubunun satışından əldə etdiyi vəsaiti müsadirə etməsi üçün lazımi hüquqi əsas yoxdur.

Teleqraf xəbər verir ki, bu barədə “The Times” qəzeti iş adamının vəkillərinin məktubuna istinadən məlumat yayıb.

Məlumata görə, Abramoviçin hüquqşünasları Böyük Britaniya hökumətinin vəsaitin müsadirəsi ilə bağlı mövqeyini qanunsuz hesab edir.

Məktubda qeyd olunub ki, hazırda dondurulmuş vəziyyətdə olan vəsait “Fordstam Limited” şirkətinə məxsusdur və bu şirkət tam şəkildə Roman Abramoviçə aiddir.

Vəkillər bildiriblər ki, Britaniya hakimiyyətinin vəsaiti müsadirə etmək cəhdləri olacağı təqdirdə, bu qərarlar məhkəmədə mübahisələndiriləcək.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyanın baş naziri Kir Starmer Abramoviçin martın 17-dək “Çelsi”nin satışından əldə olunan vəsaiti Ukraynaya köçürməyəcəyi təqdirdə, hökumətin ona qarşı məhkəməyə müraciət edəcəyini açıqlamışdı.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının rəhbərliyi 2022-ci il mayın 24-də “Çelsi”nin amerikalı iş adamı Todd Boelinin rəhbərlik etdiyi konsorsiuma satışını təsdiqləmişdi. Razılaşmaya əsasən, klub 4,25 milyard funt-sterlinqə satılıb.

Seçilən
103
teleqraf.com

1Mənbələr