AZ

Trampın din xadimləri ilə “magiya məclisi” - kimlərə nə mesaj verildi...



Akif Nağı: “Ola bilsin ki, Tramp protestantlığı şiəliyə qarşı qoymaq istəyir, xristianların protestant damarını tərpətməyə çalışır”

Oval Ofisdə Donald Trampla din xadimləri bir araya gəliblər, onlar prezident və ABŞ üçün dua ediblər. ABŞ prezidenti Donald Trampın dini liderlərin iştirakı ilə Ağ Evdəki Oval Ofisdə dua mərasiminə qatılması dünyada ciddi müzakirə olunur. Bir qisim insanlar hesab edirlər ki, Ofal Ofisdə din xadimlərinin iştirakı ilə Trampın dua mərasimi keçirməsi təsadüfi deyil, bu xristian dünyasına bir mesajdır, məqsəd də əsasən də həmməzhəblərini həmrəyliyə səsləməkdir. Bəzi ekspertlər hesab edir ki, dini liderlərin Trampın ətrafında toplaşmasının özünün arxasında müəyyən niyyətlər dayanmış ola bilər.

Evangelist dindarların ABŞ prezidenti Trampın bədəninə toxunaraq dua etmələri xüsusi diqqət çəkib, onun protestantlığın dayağı olduğu önə çəkilib.

Ağ Evin Oval Ofisində Tramp kilsə xadimləri ilə dua mərasimi keçirməklə kimlərə və hansı mesajları verir?

Azad Vətən Partiyasının sədri Akif Nağı baki-xeber.com-a bildirdi ki, Trampın buhərəkətləri ilə bağlı birmənalı olaraq nə isə demək, fikir söyləmək çətin məsələdir. “Bununla belə Trampın hər bir hərəkətinin müəyyən mənası da var.

Hazırda İranla müharibə gedir. Görünür ki, İranda da son 47 ildə islam fundamentalizmi özünə dərin köklər qazanıb. Bu illər ərzində ətraflı dini təbliğat aparılıb, ideoji baza yaradılıb. İnsanların beyni çox çətinliklə unudula bilən ehkamlarla doldurulub. Belə bir təsəvvür yaradılıb ki, şiəlik islamın xilasıdır, İran da şiəliyin əsas himayəçisidir. Belə bir fikirlə sanki insanları başqa bir dünyaya salıblar. Böyük qisim insanlar bu əhval-ruhiyyədədir. Fərqli düşünənlər də var, onların da əksəriyyəti ölkəni tərk ediblər. İçəridə olanlar da var və üzərlərində rejimin qorxusu da mövcuddur. O ölkənin xüsusi xidmət orqanlarının nəzarəti altında insanlar öz fikirlərini azad şəklidə deməkdən çəkinirlər.

Belə deyək, İslam dini ilə silahlanmış bir ölkəyə qarşı mübarizə aparmaq üçün ola bilsin, Tramp da çıxış yolunu xristian dinində axtarır. Amerikalıların da əksəriyyəti protestantdır. Tramp burada xristian dininin gücünü nümayiş etdirmək istəyir. Bu mənada, İranda şiəlik məzhəbi varsa Tramp da xristianlığın son məzhəbi olan protestantlığı göstərir.

Burada bu məqam da maraqlıdır, orta əsrlərdə, xüsusən 16-17-ci əsrdən etibarən xristianlığın içində yaranan bu məhzəb bir çox dövlətlərin yaranmasına təkan verdi, xüsusən də Amerikanın. O vaxt protestantlar

Avropada ciddi şəkildə təqib olunurdu, onların çoxu nicat yolunu Amerikaya qaçmaqda görürdü, öz dövlətlərini qurdular dini ideologiyaları protestantlıq oldu.

Ola bilsin ki, Tramp protestantlığı şiəliyə qarşı qoymaq istəyir, xristianların protestant damarını tərpətməyə çalışır. Yaxud bu dua mərasimi ilə özünü dinə yaxın tutub xristianları öz ətrafında birləşdirmək istəyir. Çünki belə görüntü yaradır ki, islama qarşı mübarizə aparır. İran İslam dini, şiəliklə silahlanaraq ABŞ-ın hücumlarına qarşı dayanır, ölümdən qorxmadıqlarını, şəhidliyə hazır olduqlarını göstərirlər. Belə situasiyada ideoloji bazadan da istifadə etməyə çalışırlar”.

A.Nağı vurğuladı ki, Trampın bu hərəkətini müxtəlif cür yozmaq olar, başlıcası isə bu mərasimi keçirməklə özünü təəssübkeş xristian kimi göstərməyə çalışır.

İradə SARIYEVA

Seçilən
27
baki-xeber.com

1Mənbələr