AZ

Fədakarlığın zirvəsi ŞƏHİDLİK

Tarix yazan Nurlan və İntiqam Əsgərli qardaşları

“Mən həqiqətən övladlarımla qürur duyuram. Onlar özlərini doğrultdular. Hər kim olur-olsun, bu torpaqda, bu vətəndə yaşayırsa, öz torpağına layiqli övlad olmalıdır”.

Bu fikirləri iki övladını şəhid verən ana – Ziba xanım deyir.

Kədərini boğub, qəmini gizlədən, ilahi həqiqətdən güc alan bu ananı dinləmək bizə də nəsib olub: “Hər iki övladım hərbçi olub, bir yerdə xidmət ediblər. Şəhid olduğu vaxt Nurlanı döyüş meydanından qardaşı İntiqam çıxarıb. Hər iki qardaş düşmənə qarşı layiqincə döyüşüb. Övladlarımın vətəninə sevgisi olduğu qədər, düşməninə də nifrəti var idi. Nurlan Əliağa Vahidin şeirindən bir parçanı həmişə əzbər deyərdi: “Mən əsiri-eşqiyəm öz xalqımın, öz yurdumun”. Onu fikirləşəndə deyirdim bu sözün çox böyük mənası var. Yəni hər adam o kəlməni işlətmir. Nurlan həqiqətən vurğun idi, bayrağına, torpağına, millətinə. Öz xalqına sevgisi güclü idi. Mən elə uşaqlıqdan dəftərə, kitaba meyilli olmuşam. Adının mənasını dərindən bildiyimdən döyüş, müharibədən bəhs edən kitabları oxuyardım, daha çox belə süjetli filmlərə baxardım. Uşaqlarım da məndən nağıl istəyəndə, özümün düzüb-qoşduğum nağıllardan danışardım. Məhz bu nağıllar, verdiyim düzgün istiqamət övladarımda vətənə, torpağa, millətə sevgi formalaşdırdı”.

Burada bir haşiyə çıxaq. Həqiqətən analarımızın, böyüklərimizin bizə söylədiyi nağıllar, qəhrəmanlıq dastanları hər bir azyaşlının təfəkkürünü formalaşdırır, onu qəhrəmanlığa sövq edir. Məhz bu, iki qardaşı da öz ailəsi, valideyni qəhrəman kimi yetişdirmişdilər.

Qayıdaq Ziba xanımın söhbətinə: “2016-cı ilin aprelin 4-ü idi. Gördüm ki, ürəyim sıxılır, həyətə çıxdım, torpağı belləmək istədim. Gördüm ki, qollarımda güc yoxdur, özümə yer tapa bilmirdim... Günortadan sonra, yoldaşım Bayramı çağırdılar, darvazadan çölə çıxdı. Baxdım ki, anamgilin həyəti tərəfdə cavan uşaqlar yığışıb. Yolumuzun üstündə çoxlu gedib-gələnlər var idi... Axşam saat 9-da bacım və gəlinimiz ağlaya-ağlaya həyətə girdilər. Sonra heç nədən xəbərim olmadı. Mənə iynə vurub, ayıltmışdılar. Hər şeyi yuxu kimi xatırlayırdım. Özümə gələndə bildim ki, Nurlan şəhid olub, böyük oğlum İntiqamı axtardım, o da yox idi. Əslində, iki balamın heç birindən xəbərim yox idi. Mən iki oğlum üçün də narahat idim. Nurlan aprel döyüşlərində qardaşı ilə çiyin-çiyinə döyüşüb. Böyük qardaşı da orda olub. Bir bölükdə olublar. Həmin vaxt ağır mərmi yanlarına düşüb, iki nəfər şəhid olub, iki nəfər yaralanıb. Elə ağır yaralanmış Nurlanı da böyük qardaşı İntiqam ordan çıxarıb. Yaralıları götürüb, sonra şəhid olanları götürüb”.

Sonralar İntiqam qardaşı haqqında anasına danışıb: “Qısa müddətdə qollarım arasında qaldı. Gülümsədi və son sözünü dedi: “Kaş, Şuşada bayrağımızı qaldıraydıq”. Ondan 30 saniyə sonra qardaşım şəhadətə qovuşdu”.

Digər mənbədən İntiqamın şəhid qardaşı ilə bağlı fikirlərini oxuyuram: “Qardaşımın dəfnindən sonra, aprelin 5-də axşam kəndimizə gəldim... Yollar elə uzun idi ki... elə bil ayaqlarımdan daş asılmışdı... Qorxurdum, kəndimizin adamlarından qorxurdum, atamdan-anamdan, bacılarımdan, el qınağından qorxurdum. Fikirləşirdim ki, onların üzünə necə baxacağam, axı mən döyüş meydanında qardaşımı qoruya bilməmişdim. Onlara nə deyəcəkdim. Gəlib həyətimizə çatdım... Atam elə kiçilmişdi ki... lakin məni görüb qabağıma gəldi. Qucaqlayıb üzümdən öpdü. Sonra, məni kənara çəkib “İntiqam, mənə düzünü de, Nurlan niyə öldü, döyüşdə zəif iştirak etdimi, döyüşdən yayındımı?”, – soruşdu.

Mən atama Nurlanın necə şücaət göstərdiyi və qəhrəmanlıqla döyüşdüyü bütün anları danışdım. Ondan sonra atam alnımdan öpüb dedi: “İndi rahatam. Haqqımı sizə halal edirəm”.

Xatırladırıq ki, Nurlan Əsgərli 1995-ci ildə Masallı rayonunun Viləş kəndində dünyaya gəlib. Orta məktəbi bitirən kimi hərbi xidmətə gedib. Nurlan idmançıydı, orta məktəbi çox yaxşı oxuyub. Sadəcə olaraq 11-ci sinfi bitirən kimi, əsgərlik yaşı çatdığına görə xidmətə yollanıb. Bu səbəbdən Nurlan ali təhsil arxasınca gedə bilməmişdi. Hərbi xidmətdə bir müddətdən sonra o, baş istehkamçı təyin edilir. Sonradan Xususi Təyinatlı Dəstədə xidmətə keçir. Nurlan xidmətini başa vurduqdan sonra, müxtəlif təlim kurslarının iştirakçısı olub. Həmçinin müddətdən artıq həqiqi hərbi xidmətini davam etdirib. Nurlan Əsgərli ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

İndi isə Nurlanın İkinci Qarabağ müharibəsində şəhid olan qardaşı İntiqam Əsgərli ilə bağlı məlumatlara nəzər salaq.

“Oğlum döyüşə gedəndə məndən halallıq aldı”

Şəhidimizin anası Ziba xanımın fikirlərinə yenidən nəzər salaq: “2016-cı ilin Aprel döyüşlərində hər iki oğlum iştirak edib. Bu döyüşlərdə iki qardaş eyni bölükdə vuruşublar. Amma sonra biri şəhid, biri şahid oldu. İntiqam o gündən sonra düşməndən qisas almağı qarşısına məqsəd qoymuşdu. Oğlum döyüşə gedəndə məndən halallıq aldı. Düşməndən qardaşının, dostlarının, günahsız insanların qisasını alacağı zamanı gözləyirdi. Oğlum özünü artıq “İntiqam Qisas” adlandırmışdı. İkinci Qarabağ müharibəsində o, arzusuna çatdı: “Ana, əgər ömrüm qısadırsa və kənarda öləcəyəmsə, heç vaxt rahatlıq tapmaram. Mən şəhid olsam, rahat olaram dedi və cəbhəyə yola düşdü”.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan İntiqam Əsgərli İkinci Qarabağ müharibəsində şərəfli döyüş yolu keçib. O, müharibənin qurtarmasına saatlar qalmış Şuşada şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına ilə İntiqam Əsgərliyə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi. Prezidentin digər Sərəncamına əsasən İntiqam Əsgərli “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edildi.

Bu gül balalar İntiqam Əsgərlinin övladlarıdır

Şəhid qardaşların döyüş yoldaşı, müharibə ağrılarını birlikdə yaşayan Ülvi Bakir oğlu Qurbanov xatirələrini bizimlə bölüşür: “Qardaşlığın, şəhidliyin və əbədi dəyərin adı – İntiqam və Nurlan haqqında danışmaq mənim üçün kədərli, həm də qürurvericidir. İntiqamla Xüsusi Təyinatlı Dəstədə xidmət edərkən tanış olmuşdum. O, çox səmimi, təmizqəlbli və yüksək insani keyfiyyətlərə sahib idi. Ünsiyyətdə mehribanlığı, hər kəsə hörmətlə yanaşması, əsgər yoldaşı olaraq dəstəyi ilə yaddaşımda dərin iz qoymuşdu. Qısa zamanda aramızda səmimi münasibət formalaşdı. Biz yalnız döyüş yoldaşı deyil, bir-birimizin dayaq nöqtəsinə çevrildik. 2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecə başlayan döyüşlər zamanı Ağdərə bölgəsində, Talış kəndi istiqamətində birgə döyüşürdük. Talış istiqamətində gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirənlərdən biri də məhz Nurlan idi – o, bir neçə strateji mövqenin alınmasında xüsusi rol oynamışdı. Döyüşlərin 4-cü günü İntiqamın doğma qardaşı, bizim də döyüş yoldaşımız olan Nurlan şəhid oldu. Bu, sözlə ifadə olunmayacaq dərəcədə ağır anlar idi. Nurlanın şəhid olduğunu ilk dəfə İntiqamın gözlərindən oxudum. Qardaşının cansız bədənini qucağına alıb döyüş meydanından çıxaranda, üst geyimi Nurlanın qanına bulaşmışdı. Bu mənzərə içimizi parçaladı. Mən ondan nə baş verdiyini soruşanda o, bir müddət susdu, sadəcə gözlərimə baxdı. Sanki danışmağa gücü yox idi... Sonra çox sakit, lakin ağrı dolu səslə dedi: “Qardaşım şəhid oldu”. Həmin an zaman sanki dayandı. Bu xəbər bizi sarsıtdı, amma eyni zamanda bizi bir qədərdə birləşdirdi. İntiqamla münasibətimiz bu acıdan sonra daha da dərinləşdi. O gündən sonra onu daha fərqli gözlə gördüm, bir döyüşçü kimi yox, həm də qəlbində ağrı daşıyan şəhid qardaşı kimi... 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində İntiqam yenidən cəbhəyə yollandı. O, bir gün belə tərəddüd etmədi. Qardaşının yarımçıq qalmış yolunu davam etdirmək, vətənə olan borcunu ödəmək üçün getdi. İntiqam üçün döyüş yalnız əldə silah tutmaq deyildi. O, hər addımında vətənin qeyrətini, şəhid qardaşının əmanətini daşıyırdı. Hələ 2016-cı ildə, Nurlanın şəhid olduğu gün bizə demişdi: "Nurlanın intiqamını alacağam". Bu onun qəlbində yara kimi deyil, vəd kimi yaşamışdı. Hər addımında, hər döyüşdə bu söz onunla idi. Təəssüf ki, bu döyüşlərin birində onu da itirdik. İntiqam şəhidlik zirvəsinə ucaldı. Amma o, verdiyi vədə sadiq qaldı. Qardaşının intiqamını döyüş meydanında alaraq öz yolunu tamamladı. Bu xəbər məni dərindən sarsıtdı. Onun ailəsini, övladlarını ziyarət etdim. Onların gözlərində həm kədər, həm də qürur vardı. Bu ailə iki igidini vətən uğrunda itirmişdi, amma başları dik idi. İntiqamın müqəddəs şəhadətindən dörd ay sonra oğlu – balaca İntiqam dünyaya gəldi. O, atasının adını daşıyır və bu adla böyüyür. Mən onu ziyarət etmişəm. Körpə baxışlarında atasının izlərini, şəhid əmisi Nurlanın cəsarətini görmək mümkündür. İnanıram ki, balaca İntiqam böyüdükcə atasının və əmisi Nurlanın kim olduğunu öyrəndikcə, onlarla qürur duyacaq, onların davamçısı olmağın məsuliyyətini ürəyində daşıyacaq. Mən də bir əmi kimi hər zaman onların yanında olacağam. Onlara atasının necə qəhrəman olduğunu danışacağam, onların yolunu qorumaq üçün var gücümlə çalışacağam. Çünki şəhidlər təkcə döyüş meydanında deyil, yaddaşımızda və yeni nəsillərin ürəyində də yaşamalıdır. İntiqam və Nurlan bizim üçün sadəcə şəhid deyil. Onlar dost, qardaş, qəhrəman və əbədiyyətə yazılmış adlardır. Onların adını yaşatmaq və gələcək nəsillərə çatdırmaq bizim mənəvi borcumuzdur. Şəhidlərimiz haqqında danışıldıqca, yazıldıqca, xatırlandıqca onlar yaşayacaqlar”.

 

Mənbə:

Əkrəm Bəydəmirlinin "Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir" kitabı

Seçilən
53
qht.az

1Mənbələr