AZ

“Akşam” qəzeti: Tramp Ankaranın təzyiqinə görə İrana qarşı mübarizədə kürdlərə arxalanmaqdan imtina edib

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ankara, 9 mart, AZƏRTAC

ABŞ administrasiyasının İrana qarşı mübarizədə kürd qruplaşmalarına arxalanmaqdan imtina etməsi daha çox Ankaranın reaksiyası və təzyiqi ilə bağlıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə martın 9-da Türkiyənin “Akşam” qəzeti yazıb. Nəşr xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp bir gün əvvəl Vaşinqtonun kürd silahlı dəstələrini İrana qarşı döyüş əməliyyatlarına cəlb etmək niyyətində olmadığını bəyan edib. Onun sözlərinə görə, ABŞ “vəziyyəti mürəkkəbləşdirmək istəmir”.

Qəzet qeyd edib ki, ABŞ daha əvvəl Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) ilə koordinasiya şəraitində regionda kürd qruplaşmalarını silahlandırıb. Bundan başqa, daxil olan məlumatlara görə, PKK terror təşkilatının 2 minə qədər üzvü İraq ərazisindən İrana keçib.

“Regionda baş verənlər fonunda Türkiyə eskalasiyanın ilk günündən bütün ikitərəfli mexanizmlərdən istifadə etməklə tərəfdaşlarına (Vaşinqtonda – red.) aydın şəkildə çatdırıb ki, PKK terrorçularının İran qolu nə döyüşçülərin sayı, nə də silahlanma baxımından İrandakı vəziyyətə təsir göstərə bilməz”, – deyə “Akşam” qəzeti yazıb.

Ankarada isə kürd qruplarının birləşmək cəhdləri “perspektivsiz təşəbbüs” kimi qiymətləndirilib. “Hətta etnik kürdlər arasında yeni silahlı dəstələrin sürətli şəkildə cəlb edilməsi üzrə əməliyyat keçirilsə belə, onlar İran İslam Respublikasının müntəzəm ordusu qarşısında tab gətirə bilməyəcək, yəni faktiki olaraq ölümə göndəriləcəklər”, – deyə Türkiyədən bildirilib.

Qəzet yazıb ki, Ankaranın arqumentləri ABŞ-da “təsirini göstərib” və nəticədə Vaşinqton İranda “kürd kantonları”nın yaradılması ideyasından imtina edib.

Nəşrin məlumatına görə, Ankara Vaşinqtonla paralel olaraq Suriya və İraqdakı kürd qrupları və siyasətçilərlə də təmaslara başlayıb və onlara antiiran təşəbbüslərinin nəticəsiz olacağı barədə xəbərdarlıq edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
46
azertag.az

1Mənbələr