BAKI, 10 mart. TELEQRAF
"İranda və regionda davam edən müharibə diqqəti həm də onun iqtisadi təsirinə, xüsusilə də neft qiymətlərinə təsirinə yönəlməkdədir. Müharibənin uzanması neftin və qazın qiymətini durmadan artırmaqdadır".
Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Tahir Mirkişili açıqlamasında deyib.
Onun sözlərinə görə, xüsusilə Hörmüz boğazında yaranan təhlükə neft bazarına ciddi təsir edir: "Hörmüz boğazı dünya enerji sisteminin ən strateji nöqtələrindən biridir. Dünyada gündəlik ixrac olunan neftin təxminən 20 faizi (20-21mln barrel) məhz bu boğazdan keçir. Bu səbəbdən regionda baş verən geosiyasi-hərbi gərginlik və ya bu marşrutun bağlanması qlobal enerji bazarında dərhal ciddi qiymət artımı ilə nəticələnməkdədir. Neftin bir barelinin bazar qiymətinin artıq 89 dolları, may ayı üçün isə fyuçers qiymətlərinin 116 dolları keçməsi buna sübutdur. Eyni zamanda, təbii qaz qiymətlərində də artım müşahidə olunur".
Deputat qeyd edib ki, dünya bazarına neft ixrac edən bir ölkə kimi Azərbaycan üçün bu məsələ xüsusi maraq doğurur: "Çünki ölkəmiz öz neftini Bakı–Tbilisi–Ceyhan və digər marşrutlarla dünya bazarına çıxarır və ixracımız Hörmüz boğazından asılı deyil. Bu isə o deməkdir ki, qlobal bazarda qiymət artımı baş verəndə, Azərbaycan fiziki ixrac marşrutlarında problem yaşamadan daha yüksək qiymətdən satış imkanı əldə edə bilir.
Rəqəmlərə baxsaq: 2025-ci ildə Azərbaycan təxminən 23 milyon ton (təxminən 169 milyon barel) neft və kondensat ixrac edib. Dövlət büdcəsində isə neftin baza qiyməti bir barel üçün 65 dollar səviyyəsində götürülüb. Qlobal bazarda qiymətin bu səviyyədən orta və uzun müddətdə əhəmiyyətli dərəcədə yuxarı olması ölkəmizin ixrac gəlirlərini və büdcə imkanlarını xeyli artıracaqdır.
Sadə hesablamaya görə:
1) Neftin bir barelinin orta qiymətinin 100 dollar olması ixrac gəlirimizi təxminən 5–6 milyard dollar artıra bilər.
2) Qiymətin 120 dollar olması ixrac gəlirimizi təxminən 8–9 milyard dollar artıra bilər.
3) Qiymətin 150 dolllta çatması ixrac gəlirimizi təxminən 12–14 milyard dollar artıra bilər.
Bu hesablamalar qiymətin qısa müddətli deyil, uzunmüddətli dövrdə bu həddlərdə qalması ssenarisi üçündür. Qısa müddətli sıçrayışlarda gəlir artımı cüzi olacaqdır".
Tahir Mirkişili vurğulayıb ki, belə bir vəziyyət həm Azərbaycanın ticarət balansını, valyuta ehtiyatlarını və büdcə gəlirlərini gücləndirə bilər: "Maliyyə Nazirlyinin 2025-ci il büdcə paketində təqdim etdiyi hesablamalara görə, neftin bir barelinin 10 dollar artması dövlət büdcəsi gəlirlərini təxminən 400 milyon manat artıra bilər. Hazırda dövlət büdcəsinin gəlirlərinin hesablanması zamanı neftin qiyməti 65 dollar həddində götürülüb. Bu, o deməkdir ki, neftin qiymətinin 100 və 120 dollar həddində olması dövlət büdcəsi gəlirlərini müvafiq olaraq 1.4 mlrd və 2.2 mlrd manat artıra bilər.
Lakin bir məsələni nəzərə almaq lazımdır ki, bu cür qiymət artımı regional və ya qlobal gərginlik fonunda baş verir. Bu isə dünya iqtisadiyyatında inflyasiya, tələbin azalması və iqtisadi qeyri-müəyyənlik kimi riskləri də artırır".
Deputat qeyd edib ki, Azərbaycanın idxalının 50%-nə yaxını regional müharibənin əhatə etdiyi ölkələrdən gəlir: "Baş verən hadisələrin inflyasiyanı gücləndirəcəyi, idxal qiymətlərini isə artıracağı şübhəsizdir. Bir sözlə, İran ətrafında baş verən müharibə qısa və orta müddətdə Azərbaycan üçün neft gəlirləri baxımından böyük imkan yarada bilər. Amma bu, təbii iqtisadi üstünlük deyil; daha çox regional müharibə riskindən doğan gəlirdir. Ona görə də belə hallarda ən rasional yanaşma əldə olunan əlavə gəlirləri strateji ehtiyatların artırılmasına, iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına yönəltməkdir. Bu, neft qiymətlərinin dəyişkənliyindən (hətta bir müddət sonra kəskin düşməsindən) asılılığı azaltmaq baxımından uzunmüddətli sabitlik yaradır. Bu strategiya həm də ölkəmizdə qeyri-neft sektorunun inkişafı siyasəti ilə uzlaşır.
Başqa sözlə, İran ətrafında baş verən müharibə qlobal enerji bazarında ciddi dalğalanma yaratsa da, Azərbaycan üçün bu vəziyyət müəyyən dövr üçün fiskal üstünlüyə çevrilə bilər".