AZ

İran ABŞ rəsmilərinin olduğu hoteli vurdu-TƏCİLİ

İran ABŞ rəsmilərinin olduğu hoteli vurdu-TƏCİLİ.

İranın Bəhreynin paytaxtı Manamada amerikalı rəsmilərin və hərbçilərin qaldığı hotelə hücum etdiyi bildirilir.

Xəbər verilir ki, bu barədə İranın “Pars Today” qəzeti məlumat yayıb.

Məlumata görə, hücum zamanı İran qüvvələri pilotsuz uçuş aparatları və ya raketlərdən istifadə edib. Zərbənin hədəfi paytaxt Manamada yerləşən və ABŞ rəsmilərinin tez-tez qaldığı hotellərdən biri olub. Xarici media bu obyektlərdən birinin Crowne Plaza Hotel olduğunu bildirir.

Bəhreyn hakimiyyəti hücumla əlaqədar ölkə ərazisində hava həyəcanı siqnalı elan edib. Daxili İşlər Nazirliyi sakinlərə və ölkədə yaşayan əcnəbilərə təhlükəsiz yerlərə sığınmaq və rəsmi göstərişlərə əməl etmək barədə çağırış edib.

İlkin məlumatlara görə, hücum nəticəsində hotellərdən birində partlayış baş verib və binada ziyan yaranıb. Bəzi xəbərlərdə iki ABŞ Müdafiə Nazirliyi əməkdaşının yaralandığı bildirilir, lakin bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.

Bəhreyn paytaxtında hücum zamanı partlayış səslərinin eşidildiyi və şəhər üzərində tüstü buludlarının müşahidə edildiyi də qeyd olunur.

Qeyd edək ki, hadisə ABŞ və İsrailin fevralın sonundan etibarən İrana qarşı başladığı hərbi əməliyyatlardan sonra regionda gərginliyin kəskin artdığı bir vaxtda baş verib. İran həmin əməliyyatlara cavab olaraq Yaxın Şərqdə ABŞ və müttəfiqlərinə aid obyektlərə zərbələr endirdiyini bildirib.

Məlumata görə, İranın Bəhreynə hücumları çərçivəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahı, liman obyektləri və bəzi mülki binalar da hədəf alınıb.

Hazırda hadisə ilə bağlı rəsmi Vaşinqton və Manama tərəfindən geniş açıqlama verilməyib. Regionda təhlükəsizlik tədbirləri isə gücləndirilib..

Azad İmanlı


Seçilən
86
azia.az

1Mənbələr