AZ

Novruz mərasim sistemində Yel çərşənbəsinin folklor motivləri

Bakı, 10 mart, AZƏRTAC

Novruz bayramı Azərbaycan xalqının qədim mərasim ənənələrini özündə birləşdirən mühüm bayramlardan biridir. Novruz insana həyat verən, ilk insanın yaranmasında bilavasitə iştirak edən dörd müqəddəs varlığın adıyla bağlıdır ki, bunlar su, od, yel və torpaqdır. Mərasim folklorumuzda törəniş təsəvvürləri yaradan həmin müqəddəs varlıqlar ilaxır çərşənbələrinin rəmzinə çevrilib, yaradılış və həyatvericilik funksiyasını formalaşdırıb. Novruz bayramının mifik fəlsəfəsinə görə, təbiət qışda ölür, yazda dirilir. Dirilmə oyanma şəklində olur. Dörd ilaxır çərşənbə yazın, yeni ilin ərəfəsidir. Hər çərşənbədə bir ünsür oyanır və bunların oyanması ilə bütün təbiət dirilir və yeni il başlanır. Bu, Novruzun fəlsəfəsidir və dörd çərşənbənin dörd ünsürla bağlılığı Novruzun təbiət, dünya, ümumiyyətlə, varlıq aləmi haqqındakı fəlsəfəsini ortaya qoyur.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Sevinc Qasımova deyib. O bildirib ki, bu dörd çərşənbə xalq təqvimində qışın son ayı olan Boz ayın dörd çərşənbəsidir: “Boz ay həm qışın, həm də ilin son ayıdır. Onun dörd çərşənbəsi köhnə ilin sonu, yeni ilin ərəfəsi olaraq xalq içərisində əlamətdar günlər kimi xüsusi fərqləndirilir və qeyd olunur. İlaxır çərşənbələrinin üçüncüsü Yel çərşənbəsidir. O, xalq arasında “Külək oynadan çərşənbə”, “Yelli çərşənbə”, “Küləkli çərşənbə” adları ilə də tanınır. Qədim etiqatlara görə çərşənbədə oyanan yel və külək ərzi gəlir, oyanmış odu, suyu hərəkətə gətirir. Yel çərşənbəsində əsən isti və ya soyuq küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində külək bir neçə dəfə dəyişir. Bu dəyişmələr Yelin özünün təmizlənməsi kimi qəbul edilir. Əski etiqatlara görə, “qara nəhrdə” yatmış dörd cür külək Yer üzünə çıxaraq əvvəlcə özü təmizlənir, hər biri isə bir libasda özünü göstərir. Libasların adı ilə onların özünün xarakterinin arasında bir oxşarlıq nəzərə çarpır. Burada rənglərin mifik mənaları xüsusi əhəmiyyət daşıyır. Azərbaycan mifologiyasında Ağ yel ağ libasda, Qara yel qara libasda, Xəzri göy libasda, Gilavar qırmızı libasda təsəvvür edilir. Xalq hələ qədim dövrlərdə küləyə Allahın qüdrəti kimi baxmış, ona mehr və məhəbbət göstərmişdir. Hətta bu barədə dini ədəbiyyatlarda müəyyən məlumatlar var. Qurani-Kərimdə də küləyin Allah tərəfindən göndərildiyi və onun mərhəmətli, qəzəbli xüsusiyyətlərə malik olduğu bildirilir. Nənələr həmişə söyləyiblər: “Yel əsdirəni söyməzlər”, “Yelin adına nəzir deyərlər”.

Sevinc Qasımova qeyd edib ki, inanclara görə, Yel çərşənbəsi axşamı ağac altında durub niyyət edərlər, Yel babanı köməyə çağırarlar: “Əyər həmin anda meh hiss etsən və ağacın budaqları torpağa toxunsa, deməli, arzun yerinə yetəcək. Qədim zamanlarda xırmanın mövcud olduğu vaxtlarda Yellə bağlı yaranmış ən çox inanclar taxılla, çörəklə, xırmanla bağlı olardı. Novruz bayramı günlərində və ilaxır çərşənbədə əkin-biçinlə bağlı “Yel baba” nəğməsi oxunar, əsasən uşaqlar “Yel babanı” tamaşa kimi de oynayardılar. Yel həm də xeyrxahlıq rəmzidir. Azərbaycan mifik təfəkküründə yol göstərən bələdçi kimi də təsvir olunub. Yel baba qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyrxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və yolunu azmışları mənzil başına çatdırır. Yel çərşənbəsi xalqımızın qədim dünyagörüşünü və təbiət hadisələrinə münasibətini əks etdirən mühüm mərasimlərdən biridir. Bu çərşənbə təbiətdə havanın və küləyin oyanmasını, canlı aləmin hərəkətə gəlməsini simvolizə edir. Əsrlər boyu formalaşmış adət və inanclar göstərir ki, xalqımız təbiətin hər bir ünsürünə xüsusi hörmətlə yanaşıb. Bu baxımdan Yel çərşənbəsi də Novruz bayramı ənənələri içərisində mühüm yer tutur və milli-mədəni irsimizin qorunub saxlanmasına xidmət edir”.

Seçilən
34
1
azertag.az

2Mənbələr