Bir vaxtlar döyüş gəmiləri istənilən okean donanmasının gücünün əsas elementlərindən biri sayılırdı və müxtəlif münaqişələrdə aparıcı rol oynayırdı. Onlar gücünün zirvəsinə II Dünya müharibəsi dövründə çatmışdı. Lakin Perl Harbor hücumu və Miduey atolu yaxınlığındakı döyüşdən sonra bu gəmilərin rolunu aviadaşıyıcılar əvəz edib. Bu gün isə əfsanəvi linkorların çoxu muzey kimi fəaliyyət göstərir. Buna baxmayaraq, ABŞ lideri Donald Tramp "Trump" sinifli yeni linkorlar tikməyi planlaşdırır...
Poliqon xəbər verir ki, bu barədə Slash Gear yazır.
USS Defiant (BBG-1) adlanan gəmi ABŞ-ın "Qızıl donanması"nın əsas hərbi gəmisi olmalıdır. Lakin bir çox ekspertlər bu layihəni israfçılıq hesab edir və onun müasir dəniz döyüşlərinin reallıqlarından uzaq olduğunu bildirirlər.
Donanmanın yeni əsas döyüş gəmiləri sinfi üçün yenidən strukturlaşdırılması həm çox baha başa gələn, həm də ciddi narahatlıq doğuran addım kimi qiymətləndirilir. Ekspertlər layihənin beynəlxalq reaksiyasından da ehtiyat edirlər.
"Trump" sinifli linkor – iddialı layihənin problemləri
Ümumilikdə Donald Trampın planına görə, 25-ə qədər "Trump" sinifli linkor tikilə bilər. Lakin nəşr bunun yaxşı fikir olmadığını vurğulayır.
Məqalədə qeyd olunur ki, ABŞ prezidentinin orduda xidmət etməməsi və gəmilər sinfinin yaşayan bir şəxsin şərəfinə adlandırılmasının adətə zidd olması (baxmayaraq ki, belə hallar olub) bir yana, istənilən tip linkorun donanmaya əlavə edilməsi artıq müasir döyüş konsepsiyasına uyğun deyil.
Planlaşdırılan "USS Defiant" gəmisi ölçülərinə görə II Dünya müharibəsi dövrünün bütün Amerika linkorlarından daha böyük və daha uzun olacaq.
Yeni gəmilərin hipersəs raketləri, rels topu (railgun), nüvə başlıqlı dəniz bazalı qanadlı raketlər (SLCM-N) və güclü lazer sistemləri ilə silahlandırılması planlaşdırılır. Lakin əsas problem ondadır ki, bu sistemlərin əksəriyyəti hələ seriyalı istehsalda deyil və aktiv istifadədə də yoxdur. Onların çoxu yalnız prototip və sınaq mərhələsindədir.
Bundan əlavə, Trampın planının reallaşması da sual altındadır. Çünki ABŞ hazırda "Gerald R. Ford" sinifli ən müasir aviadaşıyıcıların, "Virginia" sinifli atom sualtı qayıqlarının və digər gəmilərin tikintisi ilə məşğuldur. Mövcud sənaye gücü prezidentin planını yerinə yetirmək üçün kifayət etmir.
Döyüş gəmiləri ABŞ donanmasını zəiflədə və çox baha başa gələ bilər
Ekspertlərin fikrincə, yeni texnologiyalarla təchiz edilmiş nəhəng linkorların donanmaya əlavə olunması əks effekt verə bilər və ABŞ Hərbi Dəniz Qüvvələrini zəiflədə bilər. Onların fikrincə, uzun illər əvvəl tərk edilmiş döyüş modelinə qayıtmaq maliyyə baxımından riskli addımdır.
ABŞ Konqresinin Büdcə İdarəsinin ilkin qiymətləndirməsinə görə, yalnız "USS Defiant" gəmisinin tikintisi 22 milyard dollara başa gələ bilər.
Bu məbləğin daha da artacağı ehtimal edilir. Müqayisə üçün, ABŞ donanmasının ən müasir və ən bahalı hərbi gəmisi olan "Gerald R. Ford" (CVN-78) aviadaşıyıcısının dəyəri təxminən 13 milyard dollar olub.
Əgər planlaşdırılan 25 linkordan ibarət donanma tikilərsə, layihənin ümumi dəyəri təxminən 1 trilyon dollara çata bilər.
Bununla belə, gəmilərin alınması xərclərin yalnız ilk mərhələsidir. Sonradan texniki xidmət və istismar xərcləri də milyardlarla dollar təşkil edəcək.
Məqalədə qeyd olunur ki, belə astronomik məbləğ ABŞ Müdafiə Nazirliyi və Hərbi Dəniz Qüvvələrinin digər vacib layihələrinə ayrılan maliyyəni azalda bilər. Məsələn, ABŞ Hərbi Dəniz Qüvvələrinin 2026-cı maliyyə ili üçün büdcəsi 292,2 milyard dollar təşkil edir ki, bu da planlaşdırılan xərclərlə müqayisədə çox azdır.
Müəllif sonda qeyd edir ki, "Trump" sinifli bütün 25 gəmi bir il ərzində tikilməsə də, layihənin ümumi dəyəri yenə də son dərəcə yüksək olacaq.
Poliqon.info