AZ

Akademik: XII əsr Azərbaycan İntibahı özünün ən uca zirvələrinə Xaqani poeziyası ilə birgə yüksəlib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 10 mart, AZƏRTAC

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan İntibah dövrü ədəbiyyatının ilk qüdrətli nümayəndəsi Əfzələddin Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş “Sözün Xaqanı” adlı ədəbi-musiqili tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan muzeyin direktoru akademik Rafael Hüseynov Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında” 2026-cı il 28 yanvar tarixli Sərəncamına əsasən ölkəmizdə görkəmli şairin yubileyinin geniş şəkildə qeyd edildiyini bildirib. Vurğulayıb ki, bu Sərəncam Xaqani Şirvani irsinin milli-mədəni yaddaşımızdakı yerini bir daha təsdiq etməklə yanaşı, onun daha geniş miqyasda öyrənilməsi və beynəlxalq elmi ictimaiyyətə təqdim olunması baxımından əhəmiyyət kəsb edir. Akademik Rafael Hüseynov Sərəncama əsasən, Ədəbiyyat Muzeyində də Xaqani Şirvaninin 900 illiyi ilə bağlı silsilə tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.

Muzeyin direktoru poeziyamızın klassiki, böyük mütəfəkkir Xaqani Şirvaninin həyatı və zəngin ədəbi irsi barədə məlumat verərək bildirib ki, görkəmli şair Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi ən qiymətli söz ustadlarındandır.

Nizaminin müasirləri arasında Xaqani Şirvaninin ən yüksək zirvədə durduğunu söyləyən akademik Rafael Hüseynov qeyd edib ki, bu sənətkarların hər biri XII əsr Azərbaycan ədəbiyyatının formalaşmasında və zənginləşməsində önəmli rol oynayıblar. Hər iki ədib yalnız Azərbaycanın deyil, Yaxın və Orta Şərqin zövqünün, düşüncəsinin, poeziyasının, ədəbiyyatının inkişafına böyük təsir göstərib.

Muzeyin direktoru qeyd edib ki, Nizamidən on beş-iyirmi il əvvəl yaradıcılığa başlayan Xaqaninin əsərlərində artıq Nizami poeziyasının nəfəsi duyulur. XII əsr Azərbaycan İntibahı özünün ən uca zirvələrinə Xaqani poeziyası ilə birgə yüksəlib.

“Sözün Xaqanı” ədəbi-musiqili tədbirinin qonaqları arasında Bakı məktəblilərinin xüsusi yeri olub. Onların ifasında ana dilində, fars, ərəb, ingilis dillərində Xaqani yaradıcılığından nümunələr səsləndirilib, şairin saray mühitində keçən dövrü canlandırılıb.

Muzeyin Məktəblərlə və ictimaiyyətlə iş şöbəsinin və Həmkarlar İttifaqının təşkilatçılığı ilə baş tutan tədbirin sonunda istedadlı gənclər sertifikatlarla təltif olunublar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
azertag.az

1Mənbələr