AZ

Aşıq Ələsgərin vəfatının 100-cü ildönümünə həsr olunmuş anım gecəsi keçirilib

"Dədə Ələsgər Ocağı" İctimai Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında söz-saz sənətinin böyük ustadı Aşıq Ələsgərin vəfatının 100-cü ildönümü münasibətilə anım gecəsi keçirilib.

Tədbiri giriş sözü ilə aparıcı, şair-publisist Əkbər Qoşalı açaraq, bu görüşün saz-söz mədəniyyətimizin ən böyük nümayəndələrindən biri olan Aşıq Ələsgər irsinə ehtiramın ifadəsi olduğunu bildirib. O vurğulayıb ki, ustad sənətkarın yaradıcılığı xalqın mənəvi yaddaşını, dilini və dünyagörüşünü yaşadan zəngin və qiymətli mədəni xəzinədir.

"Dədə Ələsgər Ocağı" İctimai Birliyinin sədri Xətai Ələsgərli sənətkarın həyat və yaradıcılığı haqqında danışıb. O, Aşıq Ələsgərin şeirlərindən örnəklər səsləndirərək böyük ozanın saz-söz sənətində tutduğu mövqedən söz açıb. 
Bildirilib ki, Aşıq Ələsgər öz yaradıcılığı ilə sözünün hikmətini, sazın qüdrətini - aşıq sənətini xalqın mənəvi yaddaşında əbədi yaşadan nadir sənətkarlardan biri kimi mədəniyyət tariximizdə silinməz iz qoyub.

Tədbirdə çıxış edən millət vəkili, professor Hikmət Babaoğlu, Aşıq Ələsgərin yaradıcılığının milli-mənəvi dəyərlərimizin formalaşmasında önəmli rol oynadığını vurğulayıb. O, sənətkarın söz dünyasını Azərbaycan xalqının tarixi yaddaşını, mənəvi düşüncəsini və həyat fəlsəfəsini özündə əks etdirən böyük bir irs olaraq xarakterizə edib.

Konsert proqramında Azərbaycan aşıq və muğam sənətinin tanınmış nümayəndələri çıxış edib. Azərbaycanın Əməkdar mədəniyyət işçiləri, ustad aşıqlar - Ədalət Dəlidağlı, Bəhmən Göyçəli, Əməkdar artist Rəhilə Bəndəliyeva, Beynəlxalq müsabiqələr laureatı, Xəzər Universitetinin müəllimi Aşıq Ramin Qarayev, eləcə də yeni nəsil aşıqları - Nəbi Nağıyev, Dərya Mərdanzadə, Məhsəti Cabbarova, İlqar Qələmçəli Dədə Ələsgər irsinə həsr olunmuş saz havaları ifa edib, ustadın söz xəzinəsinə müract ediblər. 
Aşıqların ifalarını ustad balabançı Ələkbər Ələkbərov müşayiət edib.

Tədbirdə həmçinin dombra və kumuz ifaçısı Adnan Əmirli, müğənni Talıb Taleh, Təbrizli bəstəkar-müğənni Arif Mehmandost, xanəndələr - Mehranə Vəliqızı, Rəvanə Vəliyeva və Rəşad İdrisoğlu çıxış edərək zəngin musiqi proqramı təqdim ediblər.

Tədbirdə həmçinin Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, tanınmış şair-publisist Ramiz Qusarçaylı və Azərbaycan Aşıqlar Birliyinin katibi, "Ozan dünyası" jurnalının baş redaktoru Musa Nəbioğlu çıxış edərək Aşıq Ələsgərin poeziyasının və aşıq sənətinin Azərbaycan mədəniyyətində tutduğu mühüm yerdən danışıblar.

Sazın sədası və ustad sənətə ehtiram ruhunda keçən anım gecəsi tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Tədbir bir daha göstərib ki, Aşıq Ələsgərin zəngin irsi Azərbaycan xalqının mənəvi yaddaşında yaşayır və bu irs gələcək nəsillərə uğurla ötürülməkdə davam edir.

Anım gecəsi Azərbaycan aşıq sənətinin yaşadılması, milli mədəniyyətimizin təbliği və böyük ozanın xatirəsinin ehtiramla yad edilməsi baxımından əlamətdar hadisə olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
33
1
olaylar.az

4Mənbələr