ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
“Beynəlxalq IQ testlərindəki nəticələr yalnız fərdi zəkanı deyil, həm də ölkənin sosial-iqtisadi ekosistemini əks etdirir. Elmi-akademik yanaşmaya əsasən, Azərbaycanın reytinqini yüksəltmək üçün aşağıdakı üç istiqamətdə struktur islahatları zəruridir”.Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib.O deyib ki, birincisi koqnitiv stimullaşdırma və erkən müdaxilədir:“Neyropsixoloji tədqiqatlar sübut edir ki, beyin plastikliyinin ən yüksək olduğu dövr uşaqlıq illəridir. Ona görə də məktəbəqədər təhsilin institusionallaşdırılması ilk addımlardan biri kimi dəyərləndirilməlidir. Reytinqdə öndə olan ölkələrdə (məs. Gürcüstan, Ermənistanın bəzi seqmentləri) erkən inkişaf proqramları abstrakt düşüncəni stimullaşdırır. Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və kurikulumun tənqidi təfəkkürün stimullaşdırılması əsasında qurulması vacibdir. Digər tərəfədən, intellektual inkişafın bioloji təməli olan mikronutrient təminatı diqqət mərkəzində saxlanılmalıdır. Akademik ədəbiyyatda IQ səviyyəsi ilə qidalanma (xüsusilə yod, dəmir və Omeqa-3 çatışmazlığı) arasında birbaşa korrelyasiya müəyyən edilmişdir. Bu mənada, "Sağlam ana, sağlam övlad" kimi sosial proqramların gücləndirilməsi milli intellekt potensialının bioloji bazasını qoruyan həlledici faktordur”.O bildirib ki, nəsillərarası intellektual yüksəliş dinamikası nəsil dəyişdikcə orta IQ göstəricilərinin yüksəlməsini təhsil proqramlarının mürəkkəbləşməsi və abstraktlaşması ilə izah edir:“Bu kontekstdə Azərbaycanın təhsil sistemi ənənəvi "yaddaş əsaslı" modeldən "problem həlletmə" modelinə keçməlidir. IQ testlərinin ölçdüyü dil və mədəniyyətdən asılı olmayan abstrakt məntiqi inkişaf etdirmək üçün dərsliklərdə alqoritmik düşüncəyə geniş yer verilməlidir. Paralel olaraq, rəqəmsal savadlılığın artırılması koqnitiv sürəti və vizual-məkan tapşırıqlarında uğur ehtimalını birbaşa stimullaşdırır. İntellektual yüksəliş üçün əlverişli sosial mühitin yaradılması zəruridir. Urbanizasiya prosesi və regionlarda "Ağıllı kənd/şəhər" layihələri çərçivəsində kitabxana və texnoparklara çıxışın bərabərləşdirilməsi ümumi orta göstəricini yüksəldə bilər. Qonşu ölkələrin (məs. Rusiya, İran) bəzi yüksək nəticələri həm də standartlaşdırılmış testlərə və mürəkkəb riyazi olimpiadalara olan akademik alışqanlıqdan qaynaqlanır. Bu səbəbdən, yerli təhsil proqramlarına psixometrik qiymətləndirmə elementlərinin daxil edilməsi təhsilalanların müasir intellektual sınaqlara adaptasiyasını təmin edəcəkdir. Azərbaycanın 98,03 ballıq nəticəsi ölkənin ciddi intellektual potensiala malik olduğunu göstərir. Lakin reytinqdə kəmiyyət və keyfiyyət sıçrayışına nail olmaq üçün diqqət təhsilin məzmunundan daha çox metoduna yönəldilməlidir”.Qeyd edək ki, Beynəlxalq IQ Testi (International IQ Test) 137 ölkə üzrə əhalinin orta zəka əmsalını (IQ) açıqlayıb. Araşdırmaya əsasən, ümumilikdə 1,2 milyon nəfər testdə iştirak edib və bütün iştirakçılar intellektual qabiliyyətlərini ölçmək üçün eyni tip tapşırıqları yerinə yetiriblər.Açıqlanan siyahıya görə, Azərbaycan orta IQ göstəricisi 98,03 olmaqla 57-ci yerdə qərarlaşıb. Region ölkələri arasında Gürcüstan 21-ci (100,35), Ermənistan 26-cı (100,13), Türkiyə isə 69-cu (97,0) pillədə yer alıb. Siyahının yuxarı sıralarında isə İran 4-cü (104,8) və Rusiya 6-cı (103,78) yerdə qərarlaşıb.Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.