AZ

NAXÇIVANDA İŞLƏYİR, BAKIDA YOX ın rəsmi qurumlar tərəfindən bağlanılmasının sübutu VİDEO

Hurriyyet saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Hürriyyət” qəzetinin və “Hurriyyet TV”-nin baş redaktoru Vüqar Məmmədovun həbsinin ardınca, Hurriyyet.az saytının da bloklandığı haqda məlumat vermişdik. Dəyərli oxucularımıza da məlum olduğu kimi, artıq bir neçə aydır ki, Hurriyyet.az saytının ölkə ərazisindəki fəaliyyəti dayandırılıb. Bununla bağlı bütün aidiyyatı qurumlara etdiyimiz çoxsaylı müraciətlərə yalnız bir cavab aldıq: “Bizim bu haqda heç bir məlumatımız yoxdur, digər qurumlarla əlaqə saxlayın”.

Beləliklə, rəsmi qurumların Hurriyyet.az saytının bağlanılması ilə bağlı “daşı bir-birinə atdığını” görüb, əlavə vaxt itirmədən istifadəmizdə olan Hurriyyet.org domenini işə saldıq. Lakin yaxşı deyirlər, “sən saydığını say, gör bizim kələkbaz məmurlarımız nə sayır”. Belə ki, cəmi 1 ay sonra Hurriyyet.org saytı da rəsmi qurumların qəzəbinə gələrək qapadıldı. Halbuki bu müddət ərzində məqsədli olaraq heç bir tənqidi material dərc etməmiş, yalnız gündəlik xəbərlərlə kifayətlənmişdik. Buna baxmayaraq, görünür, nə yazmasından asılı olmayaraq “Hürriyyət” adı bizim bəlli məmurları narahat etdiyindən, Hurriyyet.org saytını da qapatmaq göstərişi verdilər.

Təbii ki, bu məsələ hüquq müstəvisində çözülməli olsa da, yenə də əlavə vaxt itirmədən Hurriyyet.info olaraq oxucuların görüşünə gəlməyə qərar verdik. Hansı ki, təxminən yarım aydır “Hürriyyət” “info” domeni (Hurriyyet.info) adı altında fəaliyyətini davam etdirməkdədir. Bunun da uzun müddət davam edəcəyinə ümidimiz azdır. Çünki, yuxarıda da qeyd etdiyimiz kimi, hansı domenə qoşulmasından asılı olmayaraq, “Hürriyyət” adı Azərbaycanda bütün korrupsioner, rüşvətxor, talançı məmurları narahat edir, onların yuxusuna haram qatır. Bu səbəbdən, yaxın günlərdə Hurriyyet.info saytının da bloklanacağı bizdə şübhə doğurmur. Amma bu qərara qarşı da hazırlıqlıyıq. Adı bəlli məmurlar bizə qarşı öz pis əməllərindən çəkinmədiyi kimi, biz də kimsənin oxucularla aramızda baryer yaratmağına imkan verməyəcək, bütün mümkün vasitələrlə fəaliyyətimizi davam etdirəcəyik.

Bu arada isə Hurriyyet.az və Hurriyyet.org saytlarının rəsmi qurumlar tərəfindən bloklandığı haqda ciddi faktlar əldə etmişik. Söhbət ondan gedir ki, sən demə, Hurriyyet.az və Hurriyyet.org-a giriş Azərbaycanın bütün ərazisində məhdudlaşdırılsa da, Naxçıvandan olan oxucularımız bu sahədə hər hansı problem yaşamayıblar. Yəni ilk gündən Naxçıvanda istər Hurriyyet.az-a, istər də Hurriyyet.org-a adi qaydada giriş mümkün olub. Bütün bunlar da bir daha onu göstərir ki, rəsmi qurumlar “bizim bundan xəbərimiz yoxdur” desələr də, Hurriyyet.az və Hurriyyet.org saytlarının bloklanması məhz rəsmi göstəriş əsasında olub.

Yeri gəlmişkən onu da qeyd edək ki, Azərbaycanla yanaşı, qardaş Türkiyədə də Hurriyyet.az saytına giriş mümkün deyil. Mütəxəssislər bunu onunla əlaqələndirir ki, Azərbaycanın internet şəbəkəsi Türkiyəyə bağlı olduğundan, saytın məhdudlaşdırılması məhz ilkin mənbədən, yəni Türkiyədən həyata keçirilib. Görünür, Naxçıvan MR internet şəbəkəsinə müstəqil qaydada qoşulduğundan, burada hansısa saytın fəaliyyətini bloklamaq o qədər də asan deyil.

Jalə FAMİLQIZI

P.S. Güman edirik ki, bu yazıdan sonra Hurriyyet.az saytının Naxçıvanda da bloklanmasına cəhd etməzlər... 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
hurriyyet.az

1Mənbələr